Reuters-in məlumatına görə, ABŞ-nin xüsusi nümayəndəsi Stiv Vitkoff Sankt-Peterburqda yerləşən Prezident Kitabxanasında Rusiya prezidenti Vladimir Putinlə görüşərək əl sıxıb.
ABŞ nümayəndəsi Stiv Vitkoff cümə günü Sankt-Peterburqda Rusiya prezidenti Vladimir Putinlə görüşüb. Donald Tramp isə Putini Ukraynada atəşkəslə bağlı “hərəkətə keçməyə” çağırıb. Kreml görüşün dörd saatdan çox davam etdiyini və "Ukrayna razılaşmasının bəzi aspektləri"nin müzakirə olunduğunu bildirib. Bu il Vitkoffun Putinlə üçüncü dəfə görüşdüyü danışıqları Rusiya nümayəndəsi Kirill Dmitriev “məhsuldar” adlandırıb. Tramp isə danışıqların gedişatı ilə bağlı məyusluğunu ifadə edib. O, cümə günü sosial şəbəkədə yazıb: “Rusiya hərəkətə keçməlidir. Bu dəhşətli və mənasız müharibədə hər həftə minlərlə insan həlak olur". Trampın Ukrayna üzrə nümayəndəsi Keyt Kelloq isə ölkənin bölünə biləcəyi ilə bağlı iddiaları təkzib edib.
Mənbə: BBC News
Tərcümə etdi: Asiman Vəliyeva
