Bu gün:

Anonim xəbərdən sonra Afinada partlayış baş verib


Afinanın mərkəzində Yunanıstanın dəmir yolu şirkəti “Hellenic Train”in ofislərinə ziyan vuran partlayış ölkənin nəqliyyat naziri tərəfindən qəbuledilməz hesab edilib.

CCTV görüntülərində partlayışın cümə günü axşam saatlarında ofis binasının qarşısına qoyulmuş kürək çantasının partlaması anı əks olunub.

Polisin məlumatına görə, Yunanıstan KİV-lərinə hücumla bağlı xəbərdarlıq edən anonim zənglər edilib. Hadisə nəticəsində ölən və ya yaralananlarla bağlı məlumat verilməyib.

Partlayışın səbəbi hələlik məlum olmasa da, hadisə 2023-cü ildə 57 nəfərin həyatını itirdiyi dəmir yolu qəzasına görə ölkədə yaranan geniş ictimai narazılıq fonunda baş verib.

Yunanıstanın nəqliyyat naziri Kristos Staykuras partlayışı “insanların həyatını təhlükəyə atan cinayət” kimi qiymətləndirib.

Yerli xəbər agentlikləri - Yunanıstanın gündəlik qəzeti “Efsyn” və “Zouqla” saytı bildiriblər ki, partlayıcı qurğu, ehtimal ki, dövlət nömrə nişanı olmayan skuterdə asma kilidlə bağlanmış kürək çantasının içərisinə yerləşdirilib.

Mənbə: BBC news

Tərcümə etdi: Gülçin Abdullayeva

Paylaş
Şərh əlavə et