Yeni sərgi Amerika fotoqrafiyasının ilk 70 ilini sənədləşdirərək ABŞ-nin sosial, coğrafi və sənaye baxımından böyük dəyişikliklər dövrünü araşdırır. Müasir mədəniyyət fotoqrafiyaya çox şey borcludur. Nyu-Yorkdakı Metropoliten İncəsənət Muzeyinin fotoqrafiya kuratoru Jeff Rosenheim deyir: “Bu gün dünyanı başa düşmək üçün şəkilləri necə yaratmağı, paylaşmağı və təhlil etməyi bilməliyik. Kamera mədəniyyətinin həyatımıza bu qədər daxil olması isə 1840-50-ci illərdə başlayıb”.
Fotoqrafiya Avropada yaransa da, Rosenheim deyir: “Bu texnologiyanın ABŞ-də bu qədər sürətlə yayılması böyük təəccüblərdən biridir”.
Muzeyə yeni bağışlanan William L. Schaeffer kolleksiyasındakı zəngin fotoşəkillər sayəsində Rosenheim bu medianın doğuşu barədə daha geniş hekayə danışmaq fürsəti görür.
“Yeni İncəsənət: Amerika Fotoqrafiyası, 1839–1910” adlı sərgi 11 aprel tarixində açılıb və tanınan adlardan çox, adları məlum olmayan fotoqrafların işlərinə əsaslanaraq ABŞ-nin ilk fotoqrafiya dövrünü əks etdirir. Məsələn, 1850-ci illərə aid anonim bir dagerotipdə (gümüşlə örtülmüş mis lövhədə yaradılan şəkil) bir oğlan bir toyuqla birlikdə poz verir. Portret rəsmi onun üçün baha olduğundan, bu yeni sənət vasitəsilə öz obrazını əbədiləşdirmək fürsəti qazanıb. Pozda uzun müddət hərəkətsiz qalmaq lazım idi. Quşun azca bulanıq görünməsi onun oğlanın qucağında rahat olduğunu göstərir. Şəklin dəqiqliyi oğlanın çillərindən toyuğun pəncələrinə qədər heyrətamizdir. Bu foto amerikalı pionerlərin ruhunu, oğlanın gələcək üçün ümid və qürurunu əks etdirir. 1850-ci illərə aid başqa bir dagerotipdə tignon (parçadan sarğı) taxan bir qadın görünür. Bu, Luiziana koloniyasında azad qaradərili qadınların saçlarını örtmələrini tələb edən Tignon Qanununu xatırladır. Bəzi qadınlar bu sarğını gözəllik və qürur simvoluna çevirib. Bu portretdə qadının incə sırğalarından şəffaf şalına qədər hər detal mükəmməldir və o, irqi ayrı-seçkiliyə qarşı özünü müsbət şəkildə təqdim edir. Fotoşəkillərin çəkilməsi 19-cu əsr ABŞ-si üçün bir şou idi. 1855-ci ilə aid duzlu kağızda çap olunan nadir fotoşəkildə bir fotoqraf iş başında görünür. Ancaq fotoqraf hər şeyi tam nəzarət edə bilməyib. Məşhur fotoqraf Edvard Staykinin 1903-cü ildə çəkdiyi JP Morgan portreti buna misaldır. Poz verməkdən narazı görünən Morganın əlindəki kreslo sapı təsadüfən xəncərə bənzəyir. Amerika fotoqrafiyasının incəsənət kimi qəbul edilməməsinə baxmayaraq, John Moran kimi qabaqcıl fotoqraflar bu sahənin yaradıcı gücünü nümayiş etdirib.
Tintip (qaraldılmış dəmir lövhə üzərində çəkilən şəkil) isə Amerikanın öz ixtirası idi. Ucuz başa gələn və studiyaya ehtiyac olmayan bu texnika sayəsində kəndlərdə yaşayan və maddi imkanı az olan insanlar da fotoqrafiyaya qoşula biliblər.
ABŞ-də sənayeləşmə ilə fotoqrafiyaya çıxış genişlənib. Dəmir yolları və teleqraf uzaq bölgələri birləşdirilib, bu isə yerli amerikalıların ərazilərinin daha da məhdudlaşdırılmasına səbəb olub. Bu coğrafi genişlənməni sənədləşdirən şəkillərdən biri də 1870-ci illərə aid bir dəmir yolu işçisinin tintipidir. Belə iş portretləri insanların işlərinə olan qürurlarını göstərib. Başqa bir 1870-ci illər tintipində isə kornet saxlayan bir oğlan görünür. Bu onun marağını və ya istedadını əks etdirə bilər. Şəklin kənarında kağız güllərlə bəzədilən bir saç teli var. Bu, bəlkə də onun ilk saç kəsimindən yadigardır, ya da ölümündən sonra çəkilmiş də ola bilər.
Portretlər adi hala çevrildikcə insanlar fərqli təcrübələr axtarmağa başlayıblar. 1870-ci illərə aid bir tintipdə adamın başı ətrafında metal lövhəyə oyulan səhnələr yer alır.
Bu “kartomaniya” çılğınlığını Kraliça Viktoriya başladıb. Rosenheim deyir: “O, portretlərə poz verib və hamı onlara sahib olmaq istəyib”. Özünü portretləşdirmə dövrünün introspektivliyi, eyni zamanda, məşhurluq mədəniyyətinin doğuşuna səbəb olub,– ,“hər kəs bir-birinin şəklini toplamağa başlayıb”.
Alis Austen isə fotoqrafiyanı haqsızlıqlara qarşı istifadə edib. O, yoxsul uşaqların küçə satıcılarının və immiqrantların gündəlik həyatını sənədləşdirib. Həmçinin eyni cinslər arasında münasibətlərin qəbul edilmədiyi bir dövrdə qadınların kişi kimi geyindiyi, bir-birinin qucağında olduğu satirik şəkillərlə gender normalarını sorğulayıb.
Bu fotolarda tez-tez onun yaxın dostu Trud Eklıston da yer alıb. 1888-ci ilə aid bir gəzinti şəklində Eklıston gülümsəyərək fotoqrafa baxır. Yanında uzanan kişilər isə bunu hiss etmir. Maraqlısı odur ki, Eklıston onlardan biri ilə sonradan evlənib.
Karleton E Watkins isə qızıl axtarışı üçün Kaliforniyaya köçüb. Ancaq təbiəti istismar etmək əvəzinə, onun gözəlliyini fotoqrafiya ilə sənədləşdirib. O, şəlalələr və buzlaqlar kimi mənzərələri stereoqraf (3D təsir yaradan texnika) vasitəsilə təqdim edib. 1867-ci ildə çəkilən “Kolumbiya çayı mənzərəsi” fotosunda ön plandakı kəsilən ağaclar bu gözəlliklərin müvəqqəti olduğunu xatırladır.
Mənbə: BBC News
Tərcümə etdi: Nigar Muştaqova
