Bu gün:

Dire canavarının yenidən yaradılması


ABŞ-nin Dallas şəhərində yerləşən Colossal Biosciences şirkəti 10 min il əvvəl nəsli kəsilmiş dire canavarını genetik mühəndislik vasitəsilə yenidən yaratdığını açıqlayıb. Şirkət boz canavarın genomunu əsas götürüb, fosillərdən əldə edilən DNT məlumatlarını həmin genoma daxil edib və nəticədə, Romulus, Remus və Khaleesi adlı üç bala dünyaya gəlib.

Canavar balaları surroqat ana kimi istifadə olunan itlər vasitəsilə doğulub və gizli saxlanılan 2 min hektarlıq təbiət qoruğuna yerləşdirilib. Şirkət bu layihəni elm və mühafizə sahəsində böyük irəliləyiş kimi təqdim edib və 2028-ci ilə qədər nəsli kəsilmiş mamontu da yenidən yaratmağı planlaşdırdığını bildirib.

Lakin bir çox bioetika və ekologiya mütəxəssisləri bu addımı tənqid edib. Syrakuz Universitetinin fəlsəfə professoru Samuel Gorovitz bu cür iddiaların metaforik xarakter daşıdığını və yaradılan canlıların, əslində, nəsli kəsilmiş növlər olmadığını deyib. Duke Universitetinin ekologiya professoru Stuart Pimm isə yaradılan canavarları “dizayner itlər” adlandırıb və onların dire canavarla əsl genetik uyğunluğa malik olmadığını qeyd edib.

Etik narahatlıqlar arasında bu canlıların necə və harada saxlanılacağı, onların vəhşi təbiətdə yaşama qabiliyyəti və ekosistemə təsiri məsələləri də yer alıb. NYU Tibb Məktəbinin bioetika professoru Artur Kaplan bu heyvanların davranışlarının keçmişdəki təbii şəraitdə formalaşdığını, həmin şəraitin isə artıq mövcud olmadığını vurğulayıb.

Mütəxəssislər bu tip eksperimentlərin daha geniş ictimai və elmi müzakirəyə çıxarılmalı olduğunu bildiriblər.

Mənbə: Abc news

Tərcümə etdi: Səidə Abasova

Paylaş
Şərh əlavə et