Bu gün:

Tramp Administrasiyası 6000 immiqrantı ölü kimi göstərib


ABŞ-nin keçmiş prezidenti Donald Trampın administrasiyası ilə bağlı yeni iddialar gündəmə gəlib. “Washington Post” qəzetinin adı açıqlanmayan dörd mənbəyə istinadən yaydığı məlumata görə, Tramp administrasiyası qeyri-qanuni immiqrantların ölkəni tərk etməsini təmin etmək üçün mübahisəli üsullara əl atıb.

İddialara əsasən, Co Bayden dönəminə keçid zamanı ölkəyə müvəqqəti qəbul edilmiş və daha sonra hüquqi statusunu itirmiş 6000-dən çox immiqrant ölən şəxslər haqqında məlumatların yer aldığı federal bir bazaya daxil edilib. Bu şəxslər sistemdə ölü kimi göstərilib və onların Sosial Müdafiə nömrələri ləğv olunub.

Mənbələrin bildirdiyinə görə, bu addım immiqrantların bank hesabı açmasına, işləməsinə və dövlət yardımı almasına əngəl olmaq məqsədi daşıyıb. Beləliklə, onların könüllü şəkildə ölkəni tərk etməsi hədəflənib.

Ağ Ev bu şəxslərin hamısının cinayət keçmişinin olduğunu və ya terror fəaliyyətləri ilə əlaqəli adlar olduğunu bildirib. Hətta bəzilərinin Federal Təhqiqat Bürosunun (FTB) izləmə siyahısında yer aldığı da açıqlanıb.

Hazırda bu şəxslərin hansı meyarlarla seçildiyi barədə heç bir rəsmi açıqlama verilməyib. Sosial Müdafiə İdarəsi isə məsələyə münasibət bildirməkdən imtina edib.

Məsələ ilə bağlı istintaqın davam etdiyi bildirilir.

Mənbə: TRT HABER

Tərcümə etdi: Fidan Fərhad


Paylaş
Şərh əlavə et