Bu gün:

Müharibə haqqında 10 ən yaxşı film


Müharibə insanlıq tarixində həmişə ən dramatik hadisələrdən biri olub. Və kino sənayesi bu mövzudan kənarda qala bilməyib. Bu məqalədə Birinci və İkinci Dünya müharibələrindən bəhs edən ən önəmli filmlərdən danışılıb.


1. Qərb cəbhəsində yenilik yoxdur  

Alman yazıçısı Erix Mariya Remarkın romanı əsasında çəkilmiş ekran əsəri 2022-ci ildə "Ən yaxşı xarici dildə film" nominasiyasında "Oskar" qazanıb. Dünənə qədər məktəbli olmuş Paul Boymer təbliğatın təsiri ilə Birinci Dünya müharibəsinə yollanıb. Ancaq elə ilk döyüşdə onun sinif yoldaşı həlak olub. Və Paul cəbhədə daha çox vaxt keçirdikcə, bu müharibənin qəddarlığına və hətta mənasızlığına bir o qədər əmin olub.


2. 1917 

Kapral Bleyk və onun silahdaşı Skofild Birinci Dünya müharibəsi zamanı tapşırıqla düşmən ərazisinə göndəriliblər. Onların məqsədi Devonşir alayının 2-ci batalyonuna hücumun ləğv edildiyini çatdırmaq olub, əks halda Bleykin qardaşı da daxil olmaqla minlərlə əsgər alman qoşunlarının tələsinə düşə bilərdi.


3. Onlar heç vaxt qocalmayıblar 

Birinci Dünya müharibəsindən bəhs edən bu möhtəşəm film sənədli kadrlardan montajlanıb. Biz adətən həmin dövrə aid videoları və şəkilləri qara-ağ və səssiz görməyə öyrəşmişik, lakin Piter Cekson bu kadrlara səs və rəng verib ki, müasir insanlar o hadisələri uzaq və onlara aidiyyəti olmayan bir şey kimi qəbul etməsinlər. Bu film gerçək tarixi canlandırıb, insanı şoka salıb, qorudub və xatırladıb ki, zorakılıq zorakılığı doğurub, hər bir müharibə ağır nəticələrə gətirib çıxarıb və yeni müharibələrin başlanğıcı ola bilər.


4. Dünkerk  

Film İkinci Dünya müharibəsinin əvvəlində, fransız şəhəri Dünkerkdə 400 min britaniyalı əsgərin nasistlər tərəfindən mühasirəyə alındığı hadisədən bəhs edib. Britaniyalılara kömək üçün müttəfiq qüvvələr gəlib və döyüş həm quruda, həm havada, həm də dənizdə baş verib. Elmi fantastikanı sevən Kristofer Nolan bu filmində minimum qrafikadan istifadə edib. Kütləvi səhnələr üçün rekvizitçilər çoxlu sayda karton əsgər və texnika düzəldiblər. Hava döyüşlərini çəkmək üçün kameralar qırıcı təyyarələrin gövdəsinə bərkidilib. Filmdə ümumilikdə 6000-ə yaxın kütləvi səhnə aktyoru iştirak edib.


5. Vicdanın hökmü ilə 

Mel Gibsonun bu filmi Desmond Dossun hekayəsinə əsaslanıb. Yaponiya Pörl-Harbora hücum etdikdə, Desmond ABŞ ordusuna yazılıb, lakin dindar bir ailədə böyüdüyü üçün silah götürməməyə qərar verib və sanitar olmağı seçib. Xidmət müddətində Doss bu qərarını silahdaşlarına izah etməyə çalışıb, lakin onlar onu başa düşməyiblər. Lakin Desmond ən çətin anlarda belə prinsiplərindən geri çəkilməyib. Film "Ən yaxşı montaj" və "Ən yaxşı səs" nominasiyalarında "Oskar" qazanıb.


6. Əsgər Rayanı xilas etmək  

Kapitan Con Millerə düşmən arxasında yerləşən sıravi Ceyms Rayanı tapmaq tapşırılıb, çünki onun bütün qardaşları İkinci Dünya müharibəsində həlak olub. Onun dəstəsi bu əməliyyatdan məmnun qalmayıb, çünki onu yerinə yetirərkən öz həyatlarını itirə bilərdilər. Axı onlar sıravi bir əsgərdən daha az qiymətli deyildilər, elə deyilmi? Film qəhrəmanlıq və mərhəmət mövzularına toxunub və heç bir tamaşaçını laqeyd buraxmayıb. Kədərləndirib, ruhlandırıb, duyğulandırıb – bəli. Amma laqeyd buraxmayıb. Film real hadisələr əsasında çəkilib və beş "Oskar" mükafatı qazanıb.


7. Şindlerin siyahısı 

Biznesmen Oskar Şindler yəhudiləri fabriklərində işləmək üçün işə götürüb və bunun sayəsində minlərlə insanın həyatını xilas edə bilib. Lakin müharibədən sonra onu qul sahibi kimi təqib ediblər. Film Amerika Kino İnstitutu tərəfindən tərtib edilmiş "100 ən yaxşı Amerika filmi" siyahısında səkkizinci yerdə qərar tutub. Həmçinin, Liam Nisonun canlandırdığı Oskar Şindler "100 ən böyük kino qəhrəmanı" siyahısında 15-ci yeri tutub.


8. Həyat gözəldir  

İtalyan yəhudisi Guido və onun kiçik oğlu konslagerə göndəriliblər. Ata, oğlunu qorumaq üçün inanılmaz bir yol tapıb. O, uşağın həyatını elə təşkil edib ki, uşaq heç nədən xəbər tutmayıb – ölüm onların ayaq izlərinə düşsə də. "Həyat gözəldir" – həm dəhşətli, həm də heyrətamiz bir tragikomediya olub və eyni anda həm müharibənin dəhşətlərini, həm də insan iradəsinin və sevginin gücünü düşündürüb.


9. Pörl-Harbor  

"Pörl-Harbor" – İkinci Dünya müharibəsinin əsas döyüşlərindən biri fonunda baş verən bir sevgi və dostluq hekayəsi olub. Reif tibb bacısı Evelinə aşiq olub, lakin müharibə onları ayırıb. Reif Avropaya göndərilib və qısa müddət sonra onun həlak olduğu xəbəri gəlib. Evelini Pörl-Harbora köçürüblər və burada Reifin dostu Denni ilə əvvəl dostluq, sonra isə sevgi münasibəti başlayıb. Ancaq bir müddət sonra məlum olub ki, Reif sağ-salamat qalıb.


10. Zolaqlı pijamalı oğlan

Film səkkiz yaşlı Bruno – yüksək rütbəli nasist məmurunun oğlu – ilə konslagerdə olan yəhudi oğlan Şmuel arasında qurulmuş dostluq hekayəsini əks etdirib. Uşaqlar tikanlı məftillə ayrılıb, lakin bu, onların ünsiyyətinə mane olmayıb. Bir gün Şmuelin atası yoxa çıxıb və uşaqlar onu tapmaq üçün “fermada maraqlı bir səyahətə” çıxıblar.



Mənbə: skillbox.ru

Tərcümə etdi: Fatimə Kərimli

Paylaş
Şərh əlavə et