
ABŞ prezidenti Donald Trampın yüksək tariflərdən təsirlənən ölkələr üçün 90 günlük fasilə elan etməsindən sonra Asiya və Avropa maliyyə bazarlarında artım müşahidə olunub.
Universal 10%-lik tarif dərəcəsi Çindən başqa bütün ölkələr üçün qüvvədə qalmaqda davam edir. Eyni zamanda, ABŞ-yə daxil olan bütün alüminium, polad və avtomobillərə tətbiq edilən 25%-lik tariflər də hələ ləğv olunmayıb.
Pekin-Vaşinqton ticarət müharibəsi isə daha da dərinləşir. Tramp Çin məhsullarına “hörmətsizlik” səbəbi ilə tarifləri 125%-ə qədər artırdığını elan edib. Cavab olaraq Çin də ABŞ-dən idxal olunan bütün məhsullara 84%-lik tarif tətbiq edir və geri çəkilməyəcəyini bir daha vurğulayır.
“Çin ABŞ-nin 125%-lik tariflərinə tab gətirə bilərmi?” – bu sual artıq ekspertlər arasında müzakirə mövzusuna çevrilib. Tramp isə məsələ ilə bağlı cümə axşamı optimist açıqlama verib: “Nə gün! Daha gözəl günlər gəlir”.
Mənbə: BBC News
Tərcümə etdi: Asiman Vəliyeva
