Donald Tramp tələsik qərarlar verən bir lider kimi tanınır.
ABŞ prezidenti vəzifəsində olduğu qısa müddət ərzində Qəzzada və Ukraynada sülh yaratmağa çalışıb, lakin buna nail ola bilməyib. Yəməni bombalayıb, qlobal ticarət müharibəsinə start verib. İndi isə diqqətini yenidən İrana yönəldir.

Bu məsələ onun üçün əvvəldən gündəmdə olub. Tramp üçün İran ilk prezidentlik dövründə tamamlaya bilmədiyi bir işdir.
Əsas sual hələ də cavabsız qalır: İranın nüvə silahı əldə etməsinə nə mane ola bilər?
İran bu cür niyyətinin olmadığını israrla bildirir. Lakin bir çox ölkələr hesab edirlər ki, İslam Respublikası ən azından nüvə başlığı hazırlamaq imkanına malik olmaq istəyir. Bu isə Yaxın Şərqdə silahlanma yarışına və ya hətta genişmiqyaslı müharibəyə səbəb ola biləcək təhlükə yaradır.
2015-ci ildə İran ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Rusiya və Çinlə razılığa gəlib. Bu saziş Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) adlandırılıb.
Razılaşmaya əsasən, İran iqtisadi sanksiyaların ləğvi müqabilində nüvə proqramını məhdudlaşdırmağa və beynəlxalq müfəttişlərin nəzarətinə icazə verməyə razı olub.
Lakin Tramp 2018-ci ildə ABŞ-i bu sazişdən çıxarıb. O, İranı Həmas və Hizbullah kimi vəkil silahlı qruplaşmaları maliyyələşdirməklə terrorizmi təşviq etməkdə ittiham edib. Nəticədə, ABŞ sanksiyaları yenidən tətbiq edib.
İran isə cavab olaraq razılaşmadakı bəzi öhdəlikləri yerinə yetirməkdən imtina edib və daha çox uran zənginləşdirməyə başlayıb.
Təhlilçilər ehtiyat edirlər ki, İran yaxın vaxtlarda nüvə başlığı hazırlamaq üçün kifayət qədər silah dərəcəli urana sahib ola bilər.
Mənbə: BBC news
Tərcümə etdi: Gülçin Abdullayeva
