"İncəsənətin inciləri" rubrikası “Yaşıl Rəqqasə” əsərini təqdim edir.

Fransız impressionist rəssam Edgar Degasın incə fırça toxunuşlarından doğan “Yaşıl Rəqqasə” əsəri sənətin təkcə gözəllik deyil, həm də zəhmət və müşahidə olduğunu sübut edən nümunələrdən biridir. Təxminən 1877-ci ildə pastel texnikası ilə yaradılan bu tablo səhnənin cazibədarlığı ilə yanaşı, onun pərdəarxası reallıqlarına da işıq tutur. Degas burada yalnız bir rəqs anını təsvir etmir, o, səhnənin görünməyən tərəfini, hərəkətə çevrilmiş hissləri, hər notun arxasındakı nəfəsi, hər addımın ardındakı yorğunluğu da duyuma çevrilir.
Tablonun əsas qəhrəmanı yaşıl geymiş balerinadır. O, zərif bir balansla səhnədə irəliləyir, bir ayağını incəliklə irəli uzadaraq klassik baletin poetikasını canlandırır. Onun ətrafında narıncı geyimli digər rəqqasələr sanki səhnənin ritmini tamamlayan kölgələr kimi dayanır. Degas bu kontrastlı rəng seçimi ilə mərkəzi fiquru ön plana çıxarır, yaşılın sakitliyi ilə narıncının enerjisi arasında vizual və emosional bir dialoq yaradır. Fırça vuruşları o qədər canlı və axıcıdır ki, baxan izləyici sanki o anın içində addımlayır.
Degas impressionist rəssam kimi tanınsa da, onun fərdi sənət dili bu cərəyandan kənara çıxır. O, təbiət mənzərələrindən çox insan fiqurlarına, gündəlik həyatın dramatik və emosional səhnələrinə yönəlib. Xüsusilə balet sənəti onun üçün əsil müşahidə obyekti olub. Burada estetik hərəkətlərin arxasında yorucu məşqlər, bəzən kənarda qalan qadın hekayələri gizlənirdi. “Yaşıl Rəqqasə” bu baxımdan sadəcə rəqs səhnəsi deyil, bir qadının səhnədəki var olma mübarizəsinin vizual hekayəsidir.
Pastel texnikası isə bu ifadə gücünü daha da artırır. Degas bu texnikanı həm sürətli işləmə, həm də yumşaq keçidlər yaratmaq üçün seçib. Parçaların toxuması, işığın bədənə və geyimə düşməsi, döşəmənin parlaq səthi, bütün bu detallar sənətkarın realizmə olan bağlılığını göstərir. Onun fırçası ilə hər toxunuş musiqili bir ritmə çevrilir, rəqqasənin paltarı havada süzən bir melodiya kimi görünür. Ən maraqlısı isə Degasın qadın obrazına yanaşmasıdır. O, qadını sadəcə estetik gözəlliyin simvolu kimi yox, iç dünyası zəngin, hissləri dərin, bədəni qədər ruhu da işləyən bir varlıq kimi təqdim edir. “Yaşıl Rəqqasə”dəki balerina həm incə, həm də güclüdür. Onun hərəkətində zərifliklə yanaşı, dəmir iradə gizlənir.
“Yaşıl Rəqqasə” qadının, sənətin, zəhmətin və səhnənin poetik portretidir. Edgar Degas bu tablo ilə bizə səhnənin möhtəşəmliyini deyil, o möhtəşəmliyə aparan yolu: zəhməti, tənhalığı, fədakarlığı göstərir. Və beləliklə, biz bu əsərdə sadəcə rəqqasəni yox, onun içindəki insanı da görürük.
Hazırladı: Talehə Hüseynzadə
