Bu gün:

"Yaralı Maral"- Frida Kahlo


"İncəsənətin inciləri" rubrikası "Yaralı Maral" əsərini təqdim edir.

Frida Kahlo ağrını sənətə çevirə bilən rəssamlardan biridir. Onun fırçasından çıxan hər əsər şəxsi iztirablarının, sevgisinin və mübarizəsinin əksi olub. 1946-cı ildə çəkdiyi "Yaralı Maral" (The Wounded Deer) tablosu da bu emosiya dolu əsərlərdən biridir. Bu tablo Kahlonun həm fiziki, həm də psixoloji ağrılarının simvolik ifadəsi olmaqla yanaşı, onun daxili gücünü və reallıqla barışmazlığını da göstərir.

Tabloda meşənin dərinliklərində bir maral təsvir edilib. Lakin bu, adi maral deyil, onun başı Frida Kahloya məxsusdur. Maralın bədəninə bir neçə ox batıb, qan axır. O, qaçmaq istəsə də, ayaqları gücsüzdür. Ön plandakı tünd rənglər və arxa plandakı fırtınalı göy üzü əsərə dramatik çalar qatır.

Bu tablo Fridanın özünü yaralı və gücsüz hiss etdiyi bir dövrdə çəkilib. Həmin vaxt o, onurğa sütununun sağalması üçün ağır cərrahiyyə əməliyyatı keçirib. Ancaq əməliyyatdan sonra ümid etdiyi sağalma baş verməyib, ağrıları daha da artıb. "Yaralı Maral" bu ümidin çöküşünü, lakin eyni zamanda Fridanın ruhən sınmadığını göstərir. Hər Frida Kahlo əsərində olduğu kimi, "Yaralı Maral" da dərin simvolik məna daşıyır. Maral Kahlonun ruhunun əksidir. Maral incə və zərifdir, lakin eyni zamanda sürətli və dözümlüdür. Frida özünü bu heyvan kimi hiss edirdi. Həm kövrək, həm də mübariz. Maralın bədəninə sancılan oxlar Fridanın yaşadığı fiziki və emosional ağrıların rəmzidir. Həyat boyu keçirdiyi qəza, əməliyyatlar və sevgidəki xəyanətlər onu hər dəfə yaralayıb, lakin o, sona qədər dözümlü qalıb. Maral sıx ağaclar arasında təkdir. Bu, Fridanın özünü tənha və çarəsiz hiss etdiyini göstərir. Onun üçün dünya bəzən qapalı bir qəfəsə çevrilib. Göy üzü Fridanın həyatındakı qeyri-müəyyənliyi və fırtınalı hisslərini əks etdirir. O, gələcəyi ilə bağlı ümidsizdir, lakin rəsmində hələ də bir ümid işığı var.

Fridanın əsərlərində ən çox rast gəlinən motiv özünütəsvirləridir. O, tez-tez öz hisslərini birbaşa ifadə etmək üçün öz simasını rəsmlərində canlandırıb. "Yaralı Maral" tablosunda da o, bu ənənəni davam etdirir. Ancaq burada fərqli bir yanaşma var. O, tam insan kimi deyil, bir heyvanın bədənindədir. Bu yanaşma onun həm reallıqdan qopmaq istəyini, həm də təbiətlə əlaqəsini vurğulayır. Frida həm də mistik inanclara malik olub və o, reenkarnasiyaya (ruhun bir bədəndən digərinə keçməsinə) inanıb. Bəzi sənət tədqiqatçıları hesab edirlər ki, bu tablo Kahlonun özünü başqa bir formada yenidən doğulacağına olan inamının ifadəsidir.

Bu rəsm ilk baxışda tamamilə kədər dolu görünsə də, onun içində bir güc var. Maralın baxışları ümidsiz deyil. O, hələ də dik dayanır. Bu, Fridanın ölümlə barışması demək deyildi. O, sadəcə, həyatın zərbələrini qəbul etdiyini göstərib. Bu tablo Fridanın sonrakı illərdə yaratdığı əsərlərdən biridir və onun sənətinə xas olan emosional dərinliyi və simvolizmi özündə əks etdirir. O, öz iztirablarını sənət vasitəsilə ifadə etməklə, həm özünü, həm də tamaşaçılarını daha güclü etməyə çalışıb.

"Yaralı Maral" bir qadının ağrılarla mübarizəsinin və sınmaz ruhunun şah əsəridir. Frida Kahlo bu tablo ilə göstərir ki, bədən yaralana bilər, amma ruh həmişə azad qalır. Bu əsər illər keçdikcə daha çox insana toxunur, çünki hamı bir vaxtlar "yaralı maral" olub. Fridanın hekayəsi göstərir ki, sənət yalnız gözəllik yaratmaq üçün deyil, həm də iztirabları ifadə edib sağaltmaq üçün mövcuddur.

Hazırladı: Talehə Hüseynzadə

Paylaş
Şərh əlavə et