Yer kürəsində nəfəs almaq adi bir refleks olsa da, kosmosda bu, mürəkkəb texnologiyaların və ciddi təhlükəsizlik tədbirlərinin nəticəsidir. Kosmos boşluğunda nə oksigen var, nə atmosfer, nə də təzyiq – lakin yaşamaq üçün nəfəs almaq zəruridir. 1997-ci ildə rusların "Mir" kosmik stansiyasında baş verən yanğın, kosmosda oksigen təminatının nə qədər təhlükəli ola biləcəyini göstərdi. Oksigen generatorundakı kiçik bir qüsur 14 dəqiqə davam edən yanğına səbəb oldu. Həmin dövrdə oksigen kimyəvi reaksiyalar vasitəsilə əldə edilirdi və bu, yanğına meyilli sistemlər yaradaraq riskləri artırırdı.

Bu gün Beynəlxalq Kosmik Stansiyada daha təhlükəsiz üsul – elektroliz sistemi tətbiq olunur. Elektrik enerjisi su molekullarını parçalayır, oksigen astronavtlara verilir, hidrogen isə karbon qazı ilə birləşdirilərək su və metan əmələ gətirir. İçməli su kimi istifadə edilən bu su, oksigen istehsalının daha səmərəli və təhlükəsiz şəkildə həyata keçirilməsini təmin edir. Buna baxmayaraq, ehtiyat tədbiri olaraq, BKS hələ də köhnə oksigen sistemini saxlayır.
Kosmik stansiya daxilində oksigen təminatı həll edilsə də, açıq kosmosda vəziyyət fərqlidir. Astronavtların istifadə etdiyi kosmik skafandrlarda oksigen təmin edən və karbon qazını xaric edən sistemlər var. Lakin skafandrlardakı təzyiq Yerdəkindən aşağı olduğuna görə, astronavtlar kosmik gəzintidən əvvəl saatlarla saf oksigen tənəffüs edirlər ki, qandakı azot qazı xaric olunsun. Əks halda, dekompressiya xəstəliyi adlanan təhlükəli vəziyyət baş verə bilər.
Kosmosda nəfəs almaq bir mühəndislik möcüzəsi olsa da, bu sistemlər astronavtların təhlükəsizliyi üçün zəruridir. Çünki bir astronavt yalnız bir saniyə qorumasız qalsa, oksigen çatışmazlığından dərhal huşunu itirə bilər. Atmosferin olmaması səbəbindən isə bədən mayeləri sürətlə buxarlanır və donur. Yəni kosmosda nəfəs almaq göründüyü qədər sadə deyil, əksinə, ən müasir texnologiyaların tətbiq olunduğu həyati bir prosesdir.
Mənbə: Onedio
Tərcümə etdi: Xavər Məmmədli
