Bu gün:

Nəsillər nəzəriyyəsi


Nəsildən danışarkən ilk növbədə insan şəxsiyyətinə toxunmaq lazımdır. Hər bir insanın şəxsiyyəti müxtəlif amillərin təsiri altında formalaşır: ailə, cəmiyyət, gündəlik mühit və iş.  


Hər bir tarixi hadisə nəticəsində insanların adi rahatlıq səviyyəsi dəyişib, bəzi peşələr və sənaye şirkətləri meydana çıxıb və ya yoxa çıxıb, cəmiyyətin tələbatı artıb və ya azalıb. Müəyyən bir xronoloji dövrdə baş verən hər bir dəyişiklik gənclərin həyata baxışının formalaşmasına təsir edib. Bununla belə, əvvəlki nəslin dəyərlər sistemi, demək olar ki, dəyişməz qalıb.  


Nəsil — eyni xronoloji dövrdə dünyaya gəlmiş, oxşar şəraitdə böyümüş insanların sosial qrupudur. Tez-tez nəsillər arasında yaş fərqindən qaynaqlanan anlaşılmazlıqlar yaranıb. Dünyanın müxtəlif yerlərində psixoloqlar bu problemi uzun illər araşdırıb. Bu mövzu ilə bağlı müxtəlif nəticələr əldə edilsə də, sual hələ də açıq qalır: niyə az fərqlə (10-20 il) dünyaya gəlmiş insanlar arasında dünya görüşü baxımından belə böyük fərqlər yaranıb?  


Nəsillər nəzəriyyəsinin əsasını iki amerikalı tədqiqatçı — Neyl Hov və Uilyam Ştraus qoyub. Onlar 1991-ci ildə müxtəlif yaş qruplarına mənsub insanların fərqli düşüncə tərzi əsasında bir konsepsiya işləyib hazırlayıb və bu barədə "Generations" (Nəsillər) adlı kitab nəşr ediblər.  


Aşağıdakı nəsillər fərqləndirilir:  


1. Sakit nəsil | 1925 – 1944 

Bu dövrü fərqləndirən əsas hadisələr bunlar olub: İkinci Dünya müharibəsi, Stalinin repressiyaları, insanların və ölkənin müharibədən sonrakı bərpası və s. Onlar üçün "ailə" anlayışı hər şeydən önəmli olub. Bu nəsildən olan insanlar yalnız yaxın çevrəsində fikirlərini sərbəst şəkildə ifadə edib. Onlar qanunlara, digər insanların fikirlərinə hörmət göstərib və əsaslı səbəb olmadan söhbət açmamağa üstünlük verib.  


2. "Bebi-bumerlər" nəsli | 1944 – 1967 

Bu nəslin nümayəndələri müharibədən sonrakı dövrdə dünyaya gəlib. Bumerlər optimist olublar, demək olar ki, hamısı kollektivdə işləməyi bacarıb və futbol, xokkey kimi komanda oyunlarını sevmiş olub. Onlar fiziki cəhətdən sağlam və dözümlü olub, əlləri ilə iş görməkdə mahir olublar.  


1990-cı illərdə, keçid dövründə iş yerlərini və statuslarını itirən, maliyyə yığımlarının dəyərsizləşməsi ilə üzləşən bumerlər, böyük dəyişikliklərə uyğunlaşa bilmədikləri üçün "itirilmiş nəsil" adlandırılıb. Həmçinin, məhz bu dövrdə boşanma halları ən yüksək səviyyəyə çatıb. Əslində, bu ifadəni ciddi islahatları yaşayıb onlara uyğunlaşa bilməyən istənilən nəsilə aid etmək olar.  


Bumerlər müasir messencerlərdən və texnologiyalardan geniş istifadə etməsələr də, “Citypost Mail” araşdırmalarına görə, onların 91%-nin ən azı bir sosial media hesabı olub.  


3. X nəsli | 1967 – 1984

Müharibədən sonrakı dövrdə əhalinin əksəriyyəti adi işçi sinfinin nümayəndəsi olub: ev tikənlər, yolları təmir edənlər, həkimlər, müəllimlər və s. Onlar vaxtlarının çoxunu işə həsr edib, uşaqların tərbiyəsinə isə kifayət qədər diqqət ayıra bilməyib.  


Yuxarıda qeyd etdiyimiz kimi, ən çox boşanmalar bebi-bumerlərin dövrünə təsadüf edib ki, bu da doğum səviyyəsinin azalmasına səbəb olub. Nəticədə, çoxlu sayda natamam ailələr olub. Tək analar özlərini və övladlarını dolandırmaq üçün işləməli olduqlarına görə, uşaqların tərbiyəsinə kifayət qədər vaxt ayıra bilməyib. Buna görə də X nəsli uşaqlıq və yeniyetməlik dövründə əsasən özünü tərbiyə edib.  


Bu nəsil ətrafdakı hər şeyə — reklam məhsullarından tutmuş sabahkı günə olan inama qədər — skeptik yanaşıb və yalnız öz gücünə etibar etməyə üstünlük verib. Onlar mürəkkəb problemləri həll etmək üçün geniş bilik və təcrübəyə sahib olub. Həmçinin, valideyn diqqəti, maddi dəstək, təhsil və iş imkanları baxımından övladlarına daha yaxşı şərait yaratmağa çalışıblar.  


4. Y nəsli (mileniallar) | 1984 – 2000

Mileniallar cəmiyyət tərəfindən ən çətin qəbul edilən nəsillərdən biri olub. Bu ad latın dilində "minillik" mənasını verən "millennium" sözündən götürülüb, çünki Y nəsli iki minilliyin qovşağında dünyaya gəlib.  


Bu insanlar mürəkkəb dövrdə böyüyüb: keçid dövrü, müharibələr və epidemiyalar. Lakin onların dövründə informasiya texnologiyalarında da qlobal irəliləyiş olub.  


Onların əsas prinsipi özünü dərk etmək olub. Ailə və övlad haqda 30 yaşdan tez düşünməyə meyilli olmayıb. Mileniallar hədsiz dərəcədə optimist olub, həyatın heyrətamiz və qeyri-adi olduğuna inanıb və insanları göründüyü qədər hiyləgər hesab etməyib.  


5. Z nəsli (zumerlər) | 2000 – 2015

Bu nəsil rəqəmsal dövrün, startapların və yaradıcı sahibkarlığın nəsli olub. Onlar üçün çərçivələr, məhdudiyyətlər, prinsiplər və sabit baxışlar mövcud olmayıb. Kiçik yaşlarından yeni biliklər əldə etməyi sevib və böyük həcmdə informasiyanı qəbul edib emal etmək bacarığına sahib olub.  


Lakin onların xarakterində kaprizlilik, psixoloji qeyri-sabitlik, narsisizm və eqoizm üstünlük təşkil edib. Onları daim motivasiya etmək tələb olunub. Hər hansı bir işi gördükdə, onlar üçün ən vacib olan məqam ətrafdakıların reaksiyası olub — müsbət və ya mənfi fərq etməyib, əsas olan diqqət olub.  


6. A nəsli (alfalar) | 2011 və sonra

Alfa nəsli öz sələflərindən əsaslı şəkildə fərqlənib. Təxminən 2 yaşında bu uşaqların 80%-i artıq smartfon və planşetlərdə oyun oynamağa başlayıb.  


Onlar özünəinamı yüksək səviyyədə formalaşdırıb və böyüklərlə eyni səviyyədə ünsiyyət qurub. İnadkarlıq nümayiş etdirib, cəzalar onlara təsir etməyib.  


Bununla belə, onların diqqətini uzun müddət toplamaq çətin olub. Onlar məlumatları yadda saxlamaqdansa, onları haradan və necə tapmağın yollarını öyrənməyə üstünlük verib.


Mənbə: spsu.ru

Tərcümə etdi: Fatimə Kərimli

Paylaş
Şərh əlavə et