Təsdiqlənmiş görüntülərdə, yaralıların təcili yardım və BMT avtomobili ilə xəstəxanaya gətirildiyi görünür. Onlardan ikisi hələ də mavi BMT gödəkçəsi geyinmiş vəziyyətdədir.
İsrailin Fələstin ərazisində "tam güclə" döyüşləri bərpa etdiyini elan etməsindən sonra gecə ərzində Qəzzaya endirilən hava zərbələri nəticəsində azı 13 nəfər həlak olub.
Fələstinin Wafa xəbər agentliyi, Qızıl Aypara Cəmiyyətinin həkimlərinə istinadən bildirir ki, İsrail pilotsuz təyyarəsi əl-Məvasi humanitar zonası yaxınlığında yerləşən çadırı vurub. Nəticədə iki mülki şəxs həlak olub, beş nəfər isə yaralanıb.
İsrail ordusu, hədəf aldığı obyektin HƏMAS-a məxsus hərbi obyekt olduğunu və oradakı qrupun İsrailə atəş açmağa hazırlaşdığını bildirib. Ordunun məlumatına görə, HƏMAS-ın nəzarətində olan gəmilər də məhv edilib.
BMT baş katibinin humanitar məsələlər və fövqəladə hallar üzrə müavini Tom Fletçer çərşənbə axşamı baş verən hücumlarla bağlı bildirib ki, "qətllərin intensivliyi artıq ölçüləri aşır".
Qəzzanın Səhiyyə Nazirliyi son zərbələr nəticəsində ölənlərin sayı hələ ki açıqlamayıb.
Çərşənbə axşamı baş verən hava zərbələri, 19 yanvarda qüvvəyə minən "kövrək" atəşkəs və girov mübadiləsi razılaşmasından sonra ən ağır bombardman oldu. Hücumlar, İsrail və HƏMAS-ın razılaşmanı ilkin mərhələdən irəli aparmaqda ortaq məxrəcə gələ bilməməsindən sonra baş verdi.
Razılaşma üç mərhələdən ibarət idi və ikinci mərhələ üzrə danışıqlar altı həftə əvvəl başlamalı idi. Lakin bu, hələ də reallaşmayıb.
Təklif olunan ikinci mərhələyə əsasən, İsrail Qəzzadan qoşunlarını çıxarmalı idi. Lakin İsrail və ABŞ bunun əvəzinə, daha çox fələstinli məhbusun azad edilməsi müqabilində daha çox girovun buraxılması ilə birinci mərhələnin uzadılmasına üstünlük verdilər.
Minlərlə israilli Qüdsdə Netanyahunu demokratiyaya zərbə vurmaqda və girovları nəzərə almadan Qəzzaya hücumu yenidən başlatmaqda ittiham edərək etiraz aksiyasına qatılıb.
İsrailin hələ də HƏMAS'lı 59 girov saxladığını, onlardan 24-nün sağ olduğu güman edilir.
Mənbə: BBC news
Tərcümə etdi: Ayxan Cəfərov
