Bu gün:

Ağ Ev Venesuela deportasiyaları ilə bağlı məhkəmə qərarına tabe olmadığını inkar edir


Tramp məhkəmə qərarına baxmayaraq miqrantları deportasiya edib: Federal məhkəmə bu axşam iclas təyin edib. Buna səbəb ABŞ hökumətinin yüzlərlə venesuelalı miqrantı – əsasən də cinayətkar qruplara bağlı şəxsləri – Salvador həbsxanasına göndərməsidir. Prezident Donald Tramp məhkəmənin deportasiyaları dayandırmaq qərarına baxmayaraq, hərbi vəziyyət səlahiyyətlərindən istifadə edərək prosesi sürətləndirib. O, qərarını “Bunlar pis insanlar idi” ifadəsi ilə müdafiə edərək, 200 ildən çox tarixi olan Xarici Düşmənlər Aktına (Alien Enemies Act) istinad edib.

Ukrayna müharibəsi ilə bağlı danışıqlar: Rusiya ilə Ukrayna arasındakı münaqişəni sona çatdırmaq üçün aparılan danışıqlarda bəzi ərazilərin bölüşdürülməsi məsələsi gündəmə gəlib. Tramp bu mövzuda çərşənbə axşamı Rusiya Prezidenti Vladimir Putinlə danışacağını açıqlayıb. ABŞ rəsmilərinin sözlərinə görə, müharibənin bitməsi üçün Ukrayna müəyyən əraziləri güzəştə getməyə məcbur qala bilər. Putin isə atəşkəs üçün bu şərtin mütləq yerinə yetirilməsini tələb edir.

Yeni gömrük rüsumları: Tramp aprelin 2-dən etibarən polad və alüminium idxalına tətbiq olunan rüsumlarla bağlı istisna etməyəcəyini bildirib. Bundan əlavə, bəzi sahələrdə qarşılıqlı və sektor əsaslı rüsumlar tətbiq ediləcəyini açıqlayıb. Bu qərarın qlobal ticarət müharibəsinə səbəb ola biləcəyi və ABŞ istehlakçıları üçün qiymətlərin kəskin bahalaşmasına gətirib çıxara biləcəyi vurğulanır.

Mənbə:CNN
Tərcümə edən:Fatimə Cabbarlı

Paylaş
Şərh əlavə et