Zaman bizim üçün adətən çox sadə bir anlayışdır: keçmişdən gələcəyə doğru axır, hadisələr səbəb-nəticə prinsipi ilə baş verir. Məsələn, əgər kibriti yandırmaq istəyirsənsə, əvvəlcə, onu cızmalısan ki, sonra alışsın. Ancaq kvant dünyasında bu məntiqlər həmişə keçərli olmur. Fiziklər son illərdə zamanın tərsinə işlədiyini göstərən qəribə təcrübələr aparıblar. Bəzən nəticə səbəbdən əvvəl görünə bilər, bəzən isə zaman mənfi dəyərlər alır.
Tony Soprano Manhattandan New Jerseydəki evinə getmək üçün Lincoln tunelinə daxil olur. Normalda, o, tunelə girməli, bir neçə dəqiqə keçməli və sonra çıxmalıdır. Ancaq FBI helikopterindən izləsək, elə bil Tony tuneldən çıxandan sonra ora daxil olub. Saatlara baxdıqda isə görünür ki, o, mənfi bir zaman ərzində tuneldən keçib. Bu, əlbəttə ki, real həyatda mümkün deyil. Amma fiziklər kvant səviyyəsində bənzər bir şey müşahidə ediblər: işıq impulsları bir baryerə daxil olmadan artıq çıxdığı görünür. Yəni, onlar sanki mənfi vaxt sərf ediblər.
1990-cı illərdə fiziklər işıq fotonlarını atom buludlarından ibarət baryerdən keçirtməyə çalışıblar. Normalda işıq baryerə çırpıldıqda ya udulur, ya əks olunur, ya da bir hissəsi keçir. Ancaq bu təcrübədə qəribə bir şey baş verib: işığın ən güclü hissəsi baryerə çatmadan o biri tərəfdə ortaya çıxmış kimi görünüb. Bu, işığın işıq sürətindən sürətli hərəkət etdiyini göstərmir. Əslində, işıq dalğasının forması dəyişib – arxa hissəsi zəiflədikcə qabaq hissəsi daha erkən görünüb. Bu hadisəyə fiziklər “mənfi qrup gecikməsi” adını veriblər.
Retrokausallıq: Gələcək keçmişi dəyişdirə bilərmi?
Retrokausallıq anlayışı kvant dolaşıqlığı ilə bağlıdır. İki hissəcik dolaşıq olduqda, biri ilə edilən ölçmə dərhal digərinə təsir edir – hətta onlar kainatın əks qütblərində olsalar belə. Bu, Einşteynin “uzaqdan mistik təsir” adlandırdığı bir şeydir. Klassik fizika qanunlarına görə, heç bir siqnal işıqdan sürətli ötürülə bilməz. Amma kvant mexanikasında belə bir şey görünür ki, hissəciklər arasında anındaca əlaqə yaranır. Bəzi fiziklər bu sirri izah etmək üçün retrokausallıq ideyasını irəli sürüblər. Yəni, hissəciklərin gələcəkdə ölçülməsi onların keçmişdəki vəziyyətini müəyyən edə bilər. Başqa sözlə, gələcək keçmişi dəyişdirə bilər. Məsələn, əgər iki dolaşıq hissəcik düşünək və biri ilə ölçmə aparsaq, retrokausallıq nəzəriyyəsinə görə bu ölçmə nəticəsi keçmişdəki anı da formalaşdıra bilər. Bu, zamanın bizim düşündüyümüz kimi yalnız irəli axmadığını, eyni zamanda geriyə təsir edə biləcəyini göstərir.
Retrokausallığın bir çoxlarına görə ən məntiqli izahı blok kainat nəzəriyyəsidir. Bu yanaşmaya görə, zaman əslində irəli axmır. Bütün keçmiş, indiki və gələcək anlar eyni anda mövcuddur. Biz bu anları sanki bir filmin kadrları kimi hiss edirik. Amma əslində, həmin film artıq çəkilib və bizim gələcəyimiz də, keçmişimiz də artıq müəyyən olunub. Əgər bu doğru olarsa, o zaman azad iradə sadəcə bir illüziyadır.
Mənbə: BBC News
Tərcümə etdi: Nigar Muştaqova
