Dehlinin şərq sərhədində, kilometrlərlə uzaqdan görə biləcəyiniz böyük bir zibil yığını var. Bu tullantı dağı Hindistanın ən böyük zibilliklərindən biri olan Qazipur zibilliyidir. 1984-cü ildə açılan bu sahə illər ərzində tamamilə dolu olsa da, hələ də hər gün tonlarla tullantı qəbul etməkdə davam edir. Zaman keçdikcə o, o qədər böyüyüb ki, indi nəhəng bir dağ kimi ucalır və qorxulu böyüklüyü ilə şəhərin siluetinin bir hissəsinə çevrilib.

Qazipur zibilxanasını sadəcə bir zibillik kimi görmək böyük səhv olardı, çünki o, Hindistanın çoxillik həll olunmayan zibil problemlərinin simvoluna çevrilib.
Əslində, bu, əvvəlcə yalnız gündəlik tullantıların toplanması üçün bir sahə kimi planlaşdırıldı. Lakin zaman keçdikcə Dehlidə əhalinin sürətli artımı və urbanizasiya ilə zibil istehsalı eksponent olaraq artdı.
2002-ci ildə zibilxananın öz gücünə çatdığı və daha ora tullantıların göndərilməməsi rəsmi şəkildə elan olundu. Lakin buna baxmayaraq, zibillik hər gün Dehlinin hər yerindən tullantıları qəbul etməyə davam edirdi. Bu gün o, hündürlüyü təxminən 72 metr və ya 20 mərtəbəli bina qədər nəhəng bir zibil dağına çevrilib. Səth sahəsi təxminən 70 akr və ya 50 futbol meydançasının enidir.
Burada təxminən 14 milyon ton zibil var və bu rəqəm hər gün artır.
Tullantılar üzvi maddələrlə qarışıb parçalandıqda zəhərli qazlar ayrılır, torpağa sızan kimyəvi maddələr qrunt sularını çirkləndirir, hava o qədər zəhərlənir ki, insanlar nəfəs ala bilmir.
Zibillik ətrafında yaşayan on minlərlə insan bunun sadəcə ekoloji fəlakətə deyil, onların sağlamlığına birbaşa təsir edən böhrana çevrildiyini deyir. Hər gün havaya atılan zəhərli qazlar səbəbindən astma, bronxit və tənəffüs yolu infeksiyaları sürətlə artır.
Zibilxananın yaxınlığında yaşayan həkimlər deyirlər ki, buradakı xəstələrin əksəriyyətində xroniki tənəffüs yolları xəstəlikləri var.
Bu vəziyyəti ən yaxşı izah edən adlardan biri də 14 ildir bölgədə xəstələri müalicə edən Dr.Ərşad Xan. Sky News-a müsahibəsində o, zibilliyin orada yaşayan insanları yavaş-yavaş zəhərlədiyini deyib. Onun sözlərinə görə, bu çirkli havanı davamlı nəfəs alan insanların immun sistemi zəifləyir və hətta dərmanlar da əvvəlki kimi təsirli olmur.
Yeraltı sulara sızan ağır metallar və kimyəvi maddələr təkcə tənəffüs yolları xəstəliklərini deyil, həm də xərçəng hallarının artmasına səbəb olur. Qazipur zibil tullantılarının düz yanında yerləşən kanal indi tamamilə qaradır və tərkibi dəqiq bilinməyən kimyəvi maddələrlə doludur.
İnsanlar buradan su içmək məcburiyyətində qalanda onların orqanizminə ağır metallar və toksinlər daxil olur.
Ghazipur zibilxanası üçün başqa bir böyük təhlükə onun tez-tez özbaşına alov almasıdır. Üzvi tullantılar çürüdükcə metan qazı ayrılır və bu qaz yüksək temperaturda asanlıqla alovlana bilir. Bu səbəbdən zibillik hər an öz-özünə partlaya bilən saatlı bomba kimi təhlükə yaradır.
Zibillik tarixindəki ən dəhşətli fəlakətlərdən biri 2017-ci ildə baş verib. Həmin il zibil dağının bir hissəsi həddən artıq yükləndiyindən dağılıb, çoxlu ev, maşın və insan dağıntılar altında qalıb. Bu hadisədən sonra səlahiyyətlilər zibilxananı yığışdıracaqlarını desələr də, heç nə dəyişməyib. Zibil dağı ildən-ilə böyüyürdü.
Qazipur zibilliyi ətrafında yaşayan insanlar üçün bu, təkcə təhlükə deyil, həm də yaşayış yeridir.
Ragpickers adlanan minlərlə insan zibillikdə dəyərli bir şey tapmaq üçün hər gün saatlarla işləyir. Plastik, metal və ya təkrar emal oluna bilən hər hansı bir şey axtararaq pul qazanmağa çalışırlar. Amma bu da onları ciddi xəstəliklər riski altında qoyur.
Burada yaşayan 71 yaşlı İbrahim Xan deyir ki, 40 il ərzində zibillik daha da böyüyüb və hökumətlər heç vaxt həll yolu tapmayıb. Nəfəs almağın belə çətinləşdiyini, hamının xəstə olduğunu, bu vəziyyətin heç kimin vecinə almadığını bildirir.
Hindistan hökuməti illərdir Qazipur zibilxanasının sökülməsi üçün planlar hazırladığını bildirib, lakin hələlik heç bir konkret addım atılmayıb.
Mənbə: Onedio
Tərcümə etdi: Mina Yadigarlı
