Bu gün:

İki faktorlu təsdiqləmə nədir?


Şəxsi hesablarınıza icazəsiz giriş halları arzuolunmaz nəticələr yarada bilər. Bunun qarşısını almaq üçün təhlükəsizlik parametrlərində düzəlişlər edə bilərsiniz. Bu qaydalardan biri olan İki Faktorlu Təsdiqləmə metodu ilə bağlı təfərrüatları məqaləmizdə tapa bilərsiniz.


İki faktorlu autentifikasiya (2FA) nədir? 

Qısaca, 2FA kimi tanınan iki faktorlu autentifikasiya kredit kartı ilə onlayn alış-verişdən sosial media hesablarına daxil olmağa qədər geniş istifadə olunan təhlükəsizlik prosedurudur. Müxtəlif onlayn platformalarda istifadəçilərin təhlükəsizliyini təmin edir. Bu, birdən çox cihaz və ya hesab üzərində yoxlama prosesi ilə işləyir.

Məsələn, siz kompüterinizdən e-poçt ünvanınıza daxil olmaq üçün İki Faktorlu Təsdiqləmə metodunu seçmisiniz. E-poçt ünvanınızı və parolunuzu daxil etdikdən sonra xidmət provayderi telefonunuza doğrulama kodu göndərəcək. Bu göndərilən kodu təsdiqləmə ekranına daxil etdikdən sonra e-poçt hesabınıza daxil ola bilərsiniz. Əks halda, hesab məlumatlarınız olsa belə, e-poçtlarınıza daxil ola bilməzsiniz. Bu, hesab məlumatlarınız olan icazəsiz istifadəçilərin hesablarınıza daxil olmasının və ya kredit kartınızla onlayn alış-veriş etmələrinin qarşısını alır.

İcazəsiz şəxslər cihazınızı 2FA üçün qeydiyyatdan keçirmədikcə, həssas məlumatlarınıza, bulud əsaslı yaddaşınıza və hesablarınıza giriş əldə edə bilməzlər.


İki faktorlu identifikasiyanı necə quraşdırmaq olar? 

İki faktorlu autentifikasiya ilə hesabınızın təhlükəsizliyini artırmaq üçün aşağıdakı addımları yerinə yetirməlisiniz:

1- 2FA istifadə etmək istədiyiniz hesaba daxil olun və ya yeni hesab yaradın.

2- Adətən, hesabınızın Təhlükəsizlik və Məxfilik Ayarları bölməsində olan "İki faktorlu Doğrulama" seçimini aktivləşdirin.

3- İstifadə etmək istədiyiniz cihazı və ya əlaqə məlumatını əlavə edin (telefon nömrəsi, ikinci e-poçt ünvanı kimi).

4- Doğrulama ekranında əlavə etdiyiniz doğrulama faktoruna göndərilən kodu daxil edin və ya təsdiqləmə linkini açın.

Son addımı yerinə yetirdikdən sonra cari hesabınız üçün İki Faktorlu Təsdiqləmə aktivləşdiriləcək. Ancaq unutmayın ki, bu addımdan sonra bütün girişlər üçün doğrulama kodunu daxil etməlisiniz. 2FA-dan istifadə etməyə davam etmək istəmirsinizsə, yuxarıdakı ikinci addımı izləyərək "İki faktorlu Doğrulama" seçimini deaktiv edə bilərsiniz.

Mənbə: Türknet

Tərcümə etdi: Fərahim Rza

Paylaş
Şərh əlavə et