Bu gün:

Alimlər suyun mənşəyini tapıb


Planetimizin səthinin 70%-i su ilə örtülü olsa da, alimlər hələ də suyun Dünyaya haradan gəldiyi barədə ortaq fikrə gəlməyiblər. Lakin son tədqiqatlar suyun mənşəyinin tapıldığını irəli sürür.

Portsmut Universitetinin alimlərinə görə, su ilk dəfə Böyük Partlayışdan 100-200 milyon il sonra ulduz partlayışlarının qalıqlarında əmələ gəlib. Bu tapıntılar, Dünyadakı həyat üçün vacib olan maddələrin düşündüyümüzdən milyardlarla il əvvəl mövcud olduğunu göstərir.


Bu partlayışlar nəticəsində əmələ gələn oksigen soyuyaraq ətrafdakı hidrogenlə birləşdikdə, qalan maddə qruplarında su formalaşıb. Həmçinin, bu sıx və tozlu nüvələr ilk planetlərin yaranması üçün əsas material mənbəyi ola bilər. 


Su qalaktikaların əsas tərkib hissəsidir

Dr. Daniel Whalen və onun komandası məqalələrində qeyd edirlər: “Simulyasiyalarımız göstərir ki, Böyük Partlayışdan 100-200 milyon il sonra kainatda həyat üçün əsas komponent artıq mövcud idi. Üstəlik, su, yəqin ki, ilk qalaktikaların əsas tərkib hissəsi olub". 


Kimyəvi formulu H₂O olan su iki əsas elementdən ibarətdir: hidrogen və oksigen. Hidrogen, helium və litium kimi digər yüngül elementlərlə birlikdə, Böyük Partlayışdan sonra ilk bir neçə dəqiqə ərzində yüksək temperaturda olan hissəciklərin soyuyub atomlara çevrilməsi nəticəsində yaranıb. Lakin oksigen atomları daha ağır olduğu üçün bu proseslə əmələ gələ bilməzdi. Bunun əvəzinə, oksigen və digər ağır elementlər ulduzların daxilində baş verən nüvə reaksiyaları nəticəsində formalaşıb.


Böyük Partlayışdan təxminən 100 milyon il sonra, yəni 13,7 milyard il əvvəl, ilkin hidrogen və helium buludları cazibə qüvvəsinin təsiri ilə bir araya gəldi. Bu buludlar sıxlaşdıqca, nüvələrindəki təzyiq o qədər artdı ki, qaz kütlələri ulduzlara çevrildi və kainata ilk işığı gətirən nüvə sintezi reaksiyaları başladı. Nəhayət, bu ulduzlar hidrogen yanacağını tükədərək çökdü və nəhəng ulduz partlayışlarını hərəkətə gətirdi. Qısa müddətdə təxminən 1.000.000.000°C temperaturuna çatan bu partlayışlar hidrogen və helium atomlarını daha böyük molekullara, o cümlədən oksigenə çevirdi.


Nature Astronomy jurnalında yayımlanan məqalələrində tədqiqatçılar biri Günəşin 13 misli kütləyə sahib bir ulduzdan, digəri isə Günəşin 200 misli kütləyə sahib bir ulduzdan qaynaqlanan iki supernova partlayışından sonra nələrin baş verəcəyini modelləşdiriblər. Bu simulyasiya birinci və ikinci supernovanın müvafiq olaraq 0.051 günəş kütləsi oksigen və 55 günəş kütləsi oksigen istehsal etdiyini göstərib.


30-90 milyon il sonra kiçik bir ulduz, Günəşin kütləsinin yüz milyonda biri ilə milyonda biri arasında su istehsal edib. Daha sonra, cəmi 3 milyon il sonra baş verən ikinci böyük partlayış isə təxminən 0.001 Günəş kütləsi qədər su yaratdı. Əgər bu su şiddətli qalaktika formalaşma prosesindən sağ çıxıbsa, o zaman ilk qalaktikaların əsas komponentlərindən biri ola bilərdi. Bu tapıntını xüsusilə maraqlı edən məqam isə suyun, Dünya kimi yaşana bilən planetlərə necə çatdığını izah edə bilməsidir.


Böyük miqdarda su və aşağı kütləli ulduzların yaranma ehtimalının yüksək olması, maye suya sahib planetlərin bu ilk supernova partlayışlarından sonra yarana biləcəyi ehtimalını gündəmə gətirir. Bu isə həyat üçün əsas şərt olan suyun, alimlərin düşündüyündən milyardlarla il əvvəl təmin oluna biləcəyi mənasına gəlir.


Mənbə: Hüriyyet


Tərcümə etdi: Dilbər Paşazadə

Paylaş
Şərh əlavə et