XX əsr ədəbiyyatında tarixi mövzulardan istifadə hər zaman əsas istiqamətlərdən biri olmayıb. Xüsusilə modernistlər və avanqard yazıçılar tarixi materiallara o qədər də üstünlük verməyiblər.
Populyar ədəbiyyatda tarixlə bağlı çoxlu əsərlər yazılsa da, eksperimental yazıçılar keçmiş hadisələrdən bəhs etməkdə maraqlı deyildilər. Onlar daha çox yeni ifadə formaları yaratmağa və ənənəvi ədəbiyyatdan uzaqlaşmağa çalışıblar. Avanqard ədəbiyyat keçmişlə radikal şəkildə qırılma yaratmaq istəyib, modernistlər isə əsasən şəxsi keçmişi araşdırıblar, yəni tarixi hadisələrə deyil, fərdi təcrübələrə fokuslanıblar.

Nəticə etibarilə, XX əsrin ilk yarısında eksperimental yazıçılar üçün tarix əsas mövzu deyildi. Onlar daha çox ədəbiyyatda yeni yanaşmalar tapmağa və ifadə imkanlarını genişləndirməyə çalışıblar.
Buna görə də postmodernist yazıçıların çoxunun kollektiv keçmişə ilham mənbəyi kimi müraciət etməsi daha da diqqətçəkicidir. Bu maraq dəyişikliyinin nəticəsində yaranan əsərlər müxtəlif tarixi mövzuları əhatə edir. Bir çox romanlar XX əsr tarixi ilə bağlı epizodlara, məsələn, əsrin əvvəllərinə, İkinci Dünya Müharibəsinə və ya Soyuq Müharibəyə toxunur. Bəziləri daha qədim dövrlərə qayıdır, digərləri isə dünya tarixi miqyasında yazılıb. Tarixi materialların ədəbi formada işlənməsi ənənəvi olaraq tarixi roman janrına aid edilir və bu, ser Uolter Skottun bu janra aydın və geniş şəkildə təqlid olunan bir forma verməsindən bəri belə qəbul edilir.
Hatçenin "Postmodernizmin Poetikası" adlı kitabı postmodernizmi tarixi və siyasi məzmundan uzaq görən tənqidlərə cavab verir. O, postmodernizmin əslində tarixi və siyasi baxımdan önəmli bir cərəyan olduğunu iddia edir.
Kitabda hər fəsildə eyni növ nəticəyə gəlinməsi müəyyən qədər tənqid edilsə də, Hatçen postmodernizmin müxtəlif xüsusiyyətlərini birləşdirməyə çalışır. O bu cərəyanın keçmişə nostalji qaçış olmadığını, əksinə, keçmişi bu günün bir hissəsi kimi təqdim etdiyini bildirir. Bundan əlavə, postmodernizmin həm rəsmi mədəniyyətin, həm də müxalif mədəniyyətlərin səsi olduğunu vurğulayır.
Hatçen, həmçinin postmodernizmin realist ədəbiyyat kimi tarixi reallığı təsvir etdiyini, eyni zamanda, özünü inkar edərək bu təsviri şübhə altına aldığını qeyd edir. Siyasi baxımdan isə postmodernizm həm istehlak cəmiyyətini tənqid edir, həm də onunla iç-içədir. Bu, postmodernizmi ya tənqid, ya da tərənnüm edən digər yanaşmalardan fərqlənir.
Mənbə: DBNL
Tərcümə etdi: Arzu Qafarova
