Beynimiz olduqca mürəkkəb bir məlumat emal mərkəzi kimi işləyir. Hər gün qarşılaşdığımız hadisələri, öyrəndiyimiz məlumatları və yaşadığımız təcrübələri yadda saxlamaq üçün xüsusi çalışma funksiyalarına malikdir.
Yaddaş nədir və necə işləyir?
Yaddaş, beynimizin məlumatları qeyd etmə, saxlama və xatırlama qabiliyyətidir. Biz hər şeyi hiss orqanlarımız vasitəsilə qəbul edirik və beynimiz bu məlumatları emal edir. Əvvəlcə məlumat qısamüddətli yaddaşda saxlanılır. Əgər o, tez-tez təkrarlanarsa, uzunmüddətli yaddaşa köçürülərək daha uzun müddət qorunur.
Yaddaş üç əsas mərhələdən ibarətdir:
Kodlaşdırma: İnformasiyanın qəbulu və emalı;
Saxlama: Məlumatın uzunmüddətli yaddaşa ötürülməsi;
Xatırlama: Yadda saxlamaq istədiyimiz zaman beynimiz həmin məlumatı şüura qaytarır və xatırlama prosesi baş verir.
Bunların hər biri beynimizin müxtəlif hissələri tərəfindən idarə olunur. Məsələn, hipokampus yeni xatirələrin formalaşmasında mühüm rol oynayır, prefrontal korteks isə problemin həllində və qərar qəbulunda iştirak edir.
Yaddaşımızı gücləndirmək mümkündürmü?
Bəli, beynimizin məlumatı necə saxladığını anlamaq yaddaşımızı gücləndirmək üçün bizə müxtəlif yollar təqdim edir.
Tədqiqatlar göstərir ki, aşağıdakı üsullar yaddaş tutumunu artıra bilər:
İkinci dil öyrənmək: Araşdırmalar göstərir ki, birdən çox dil bilən insanların beyin quruluşu daha güclüdür və bu, demans riskini gecikdirir.
Müntəzəm məşq: Fiziki fəaliyyət beyinə qan axını artırır, yaddaşı dəstəkləyən hüceyrələrin inkişafını sürətləndirir.
Yuxu rejiminə diqqət yetirin: Yuxunun olmaması yaddaşın fəaliyyətinə mənfi təsir göstərə bilər. Yuxu zamanı beynimiz məlumatları toplayır və lazımsız məlumatları təmizləyir.
Sağlam qidalanma: Omeqa-3 yağ turşuları, antioksidantlar və B vitaminləri beyni sağlam saxlamağa kömək edir.
Unutqanlıq normaldır, yoxsa problemin əlamətidir?
Gündəlik həyatda zaman-zaman bir şeyi unutmaq olduqca normaldır. Ancaq unutqanlıq gündəlik həyata təsir edirsə, bunun altında yatan bir sağlamlıq problemi ola bilər. Demans beyin hüceyrələrinin zamanla itirilməsi nəticəsində yaranan bir xəstəlikdir.
Demansın ən çox yayılmış növlərindən biri olan Alzheimer xəstəliyi yaddaş itkisinə, qərar vermə qabiliyyətinin azalmasına və idrak funksiyalarının pozulmasına səbəb olur. Araşdırmalar göstərir ki, məşq və dil öyrənmək kimi beyin fəaliyyətini artıran zehni fəaliyyətlər Alzheimer xəstəliyini gecikdirə bilər.
Beynimiz həyatımız boyu daim məlumatı hazırlayır, onu saxlayır və lazım olduqda onu xatırlamağa kömək edir. Yaddaşımızın güclü olması üçün həyat tərzimizi şüurlu şəkildə təşkil etmək böyük əhəmiyyət kəsb edir. Yeni şeylər öyrənmək, sağlam qidalanma və nizamlı yuxu bizə uzun illər psixi sağlamlığımızı qorumağa kömək edə bilər. Unutqanlıq hər zaman qorxulu bir şey olmasa da, davamlı olan zaman mütəxəssisə müraciət etmək vacibdir.
Mənbə: Fikrimucit
Tərcümə etdi: Səidə Əsədli
