Cəbaliyyədəki dağıntılar havadan baxıldıqda heyrətamiz dərəcədə dəhşətli görünür.
Xirosimanı xatırladan geniş, boş bir ərazi göz işlədikcə uzanır. Dağıdılmış binaların qalıqları bu mənzərəyə hakimdir – bəziləri qeyri-adi bucaqlarla dayanır.
Qəzzanın sıx məskunlaşmış qaçqın düşərgəsinin izləri dağıntılar altında itib-batıb, coğrafi sərhədləri ayırd etmək mümkün deyil.
Lakin dron görüntüləri arasında açıq ərazilərdə mavi və ağ rəngdə kiçik çadır düşərgələri görünür. Sınıq divarlar və çökən binaların qalıqları arasında insanlar hərəkət edir, tənəkə damlar və kətan çadır örtükləri altında bazarlar qurulur. Uşaqlar uçmuş damların qalıqlarını sürüşkən kimi istifadə edirlər.
Qəzzada altı həftədən çox davam edən qeyri-sabit atəşkəsdən sonra Cəbaliyyə yenidən həyata qayıtmağa çalışır.
Əl-Qəsasib məhəlləsində Nabil dörd mərtəbəli evinə geri dönüb – baxmayaraq ki, binanın pəncərələri, qapıları, bəzi yerlərdə isə divarları yoxdur. O, ailə üzvləri ilə birlikdə taxta və brezent parçalarından sadə eyvanlar qurub.
“Məhv olunmuş şəhərə baxın",– deyə o, yuxarı mərtəbədən Cəbaliyyənin xarabalıqlarına baxaraq deyib.
"Onu bərpa etmədən buradan getməyimizi istəyirlər? Necə gedə bilərik? Bizim edə biləcəyimiz ən yaxşı şey uşaqlarımız üçün yenidən tikməkdir".
Yemək bişirmək üçün Nabil çılpaq pilləkəndə od yandırır və diqqətlə cırıq karton parçalarını alovlandırır.
Mənbə: BBC news
Tərcümə etdi: Gülçin Abdullayeva
