Bu gün:

Pişiklər haqqında 7 xurafat


Demək olar ki, hamımız pişiklər haqqında müxtəlif fərziyyələr eşidirik. Bəzi fərziyyələrə inanmaq isə çox asandır. Bu fərziyyələri oxuduqdan sonra sevimli ev heyvanınıza  daha fərqli baxmağa başlayacaqsınız. Onlardan bəzilərini təqdim edirik.

Pişiklər insanları dinləyir

Hollandiyada pişiklərin dedi-qoduçu varlıqlar olduğuna inanılır. Bu səbəbdən, insanlar pişiklərin yanında vacib və ya şəxsi söhbətlər etməməyə çalışırlar.

Özünü təmizləyən pişik gözlənilməz qonaq deməkdir

Yapon mövhumatına görə, əgər pişik pəncələri ilə üzünü yuyarsa, bu, sadəcə, baxım deyil. Bu hadisə gözlənilməz qonaqların gəlişinə işarədir. Digər ölkələrdə də oxşar mövhumatlar var. ABŞ-də bəzi insanlar düşünür ki, pişik bığlarını təmizləməyə başlayarsa, həmin məkana ruhani ziyarəti gözlənilir.

Asqıran pişik şans əlamətidir

İtaliyada bir pişiyin asqırmasını eşitmək xoşbəxtlikdir. Əgər asqıran heyvan sizindirsə, bu sizə çoxlu pulun gələcəyi mənasını verir. Gəlin toy günü pişiyin asqırdığını eşidirsə, bu, evliliyin yaxşı olacağı deməkdir. Lakin bir pişiyin üç dəfə asqırdığını eşitmək yaxında xəstələnməyə yozulur.

Qara pişiklər uğursuzluq simvoludur

Bütün pişik növləri içərisində qara pişiklər ən çox xurafata malik olanlardır. Ola bilsin ki, bu xurafat qədim Misirdə qara pişiklərin ilahə Bastet ilə əlaqəli olduğuna dair inancından irəli gəlir. Avropa inancına görə, cadugərlər qara pişiklər saxlayır və buna görə də pişiklər pis enerjini yayır. Digər bir qara pişik mövhumatı isə budur ki, əgər qara pişik gəmiyə minib yenidən geri çəkilsə, gəmi növbəti səyahətində batacaq. Britaniya mövhumatına görə isə qara pişiklər, əslində, şans gətirir.

Pişiklər ölüləri dirildir

Cənubi Avropanın bəzi yerlərində, hətta folklorda  deyilir ki, bir pişik bir insan məzarının üstündən tullansa, insan yenidən vampir kimi diriləcək. Bu fikir Cənubi Avropanın hüdudlarından kənara da yayılıb. 

Evlənmək istəyən pişik saxlasın

Pop mədəniyyəti pişikləri əbədi subaylığın simvoluna çevirir. Pensilvaniya alman kitaba görə isə pişiklər evlilik simvoludur. Onlar evlənmək istəyən qadına kömək edə bilər. Qadının etməli olduğu yeganə şey pişiyə yeməyi ayaqqabısında verməkdir. Baxmayaraq ki, mövhumat bundan sonra nə baş verəcəyini və ya yeyilməmiş pişik yeməyinin ayaqqabıdan necə çıxarılacağını demir.

Yaş pişiklər yağış yağdıra bilər

İndoneziyanın bəzi yerlərində pişiklər ilə hava arasında əlaqə görülür. Yağış yağmasını istəyən insanlar pişiyin üzərinə su tökürlər. Ehtimal olunur ki, sözügedən pişik daha sonra qisas kimi yağış yağdırır.

Mənbə: Mentalfloss

Tərcümə etdi: Samirə İsmayılova

Paylaş
Şərh əlavə et