Bəşər tarixində baş verən mühüm hadisələr Yer üzündə dərin izlər buraxır. Son dövrlərdə alimlər bu izləri araşdıraraq, insan fəaliyyətinin planetimizə təsirini ölçməyə çalışırlar. Nəticələr isə bəzən elə tədqiqatçıların özlərini belə təəccübləndirir.

Fransanın Brest limanındakı mikroblar üstündən 80 il keçməsinə baxmayaraq, hələ də İkinci Dünya Müharibəsinin təsirlərini daşıyır. Necə? Gəlin izah edək:
Raffaele Siano, Fransa Okeanoqrafiya İnstitutunda (İFEMER) çalışan alimdir. Siano və həmkarları 2012-2017-ci illər arasında Brest Limanının dəniz dibindən çöküntü nüvələrini çıxarıblar. Bu nüvələrdə olan DNT hissəcikləri üzərində aparılan analizlər sayəsində diqqətəlayiq bir kəşf ortaya çıxıb.
Dinoflagellata adlı planktonun izləri ən dərin, ən qədim (1941-ci ildən əvvəl) çöküntü təbəqələrində tapılıb. Bu planktonun genetik strukturları daha dayaz səviyyələrdə tapılan çöküntü təbəqələrindəki planktonun genetik strukturlarından (yəni daha yaxınlarda əmələ gəlmiş) çox fərqli idi. Siano və həmkarları tapıntılarını 2021-ci ildə nəşr olunan bir məqalədə toplayıblar.
Məqalədə Siano və onun həmkarları bildirirlər ki, "İkinci Dünya Müharibəsindən əvvəl burada bir qrup dinoflagellatlar çoxlu olub. Ancaq müharibədən sonra bu dinoflagellatlar demək olar ki, tamamilə yoxa çıxıblar". Siano və həmkarları müharibə zamanı Brest limanının bombalandığını xatırladıblar. Sonra, 1947-ci ildə Brest körfəzində Norveç bayrağı altında bir yük gəmisi partlayıb. Bu təbii fəlakət nəticəsində 22 nəfər həlak olub və gübrə və partlayıcı maddələrin istehsalında istifadə olunan zəhərli kimyəvi maddə ammonium nitrat dənizə qarışıb.
1980 və 1990-cı illərdəki yeni çöküntülər liman plankton icmasında əlavə dəyişiklikləri aşkar edib. Siano BBC-yə bildirib: "Biz bu və intensiv kənd təsərrüfatı fəaliyyəti nəticəsində baş verən digər çirklənmə növləri arasında əlaqə yaratdıq".
İnsan dövrünün ipucları
Təbiət belə hadisələri xatırlaya bilir. Müxtəlif insan fəaliyyətlərinin, xüsusən də intensiv çirklənməyə səbəb olanların izləri ağac halqalarında, sahil çöküntülərində və ekosistemlərdə görünür. Bəzi elm adamları bu izlərin Antroposen dövrünə aid olduğunu irəli sürürlər.
Bir sözlə, bəşər tarixində baş verən hadisələr planetimizin toxumasına hopmuşdur və bundan yalnız insanlar deyil, yer üzündəki bütün canlılar təsirlənir. Siano və onun həmkarları ekologiya üzrə ixtisaslaşsalar da, onlar tarixçilərlə də işləyirlər. "Torpaq, insan təsiri və tarixi hadisələr səbəbindən dəyişir", - deyə Siano bildirib. Komanda Brestdən çıxarılan çöküntü nüvələrini təhlil edərkən, ağır metalların çirklənməsinin zaman keçdikcə artdığı da aşkar edilib. Civə, mis, qurğuşun və sink kimi metalların nisbəti gənc çöküntü təbəqələrində daha yüksək olub.
Tədqiqat məqaləsində vurğulanıb ki, bəzi metalların (xüsusilə də qurğuşun və xrom) səviyyələri ABŞ-ın Havay əyalətindəki Pearl Harbor dəniz bazasında müşahidə edilən səviyyələrə bənzəyir. Yadınızdadırsa, Pearl Harbor 1941-ci ildə Yapon döyüş təyyarələri tərəfindən ağır bombardmanlara məruz qalmışdı. Siano bildirib ki, bu metalların mənbəyinin birbaşa bomba olduğunu söyləmək mümkün deyil, lakin belə olub-olmamasından asılı olmayaraq, həm Brestdə, həm də Pearl Harborda təhlükəli və çirkləndirici dövrlərin mövcud olduğunu söyləmək olar.
Havanın çirklənməsi və sənayə ağac halqalarında izlərini qoyur
Siano və onun komandası, antropogen çirklənmənin geoloji rekordunu araşdıran yeganə tədqiqatçılar deyil. Məsələn, Çində aparılan araşdırmalar, 1950-ci ildən bəri metalların çirklənməsinin kəskin artdığını aşkar edib. Bu dövr, 20-ci əsrin ikinci yarısında ölkədə yaşanan hava çirkliliyinin artması ilə paralel gəlib.
Hətta əsrlər əvvəl romalıların metallurgiya fəaliyyəti də dünyada izlər buraxıb. 2022-ci ildə aparılan bir araşdırma, Avropada buz, çöküntü və torf nüvələrində qurğuşun çirklənməsinin, Romalılarda metallurgiya sənayesinin inkişafı ilə paralel olaraq artdığını ortaya qoyub. Bununla belə, tədqiqatçılar qurğuşun çirklənməsinin qəfil artmasına səbəb olan xüsusi hadisələri müəyyən etməyin çətin ola biləcəyini də vurğulayıblar.
Mənbə: Hüriyyet
Tərcümə etdi: Dilbər Paşazadə
