Bu gün:

Konqo DR Ruandanı saxta soyqırım videoları yaymaqda ittiham edir


Konqo Demokratik Respublikasının (KDR) ordusu Ruandanı məhbusları Ruanda soyqırımı ilə əlaqəli yeni əsir götürülmüş üsyançılar kimi göstərmək üçün onlara hərbi geyim geyindirməkdə ittiham edib.

Bu ittiham Ruandanın dəstəklədiyi M23 üsyançılarının Ruanda tutsilərinə qarşı 1994-cü il soyqırımında iştirak edən etnik hutular tərəfindən qurulan Ruandanın Azadlığı Uğrunda Demokratik Qüvvələrin (FDLR) döyüşçülərini ələ keçirdiyini iddia etməsindən sonra irəli sürülüb.

KDR ordusu sərhəd keçidində 20 FDLR üsyançısının təhvil verilməsini göstərən videonun "saxta" olduğunu bildirib. Ordu bəyanatında Ruandanın köhnə FDLR məhbuslarını hərbi geyimdə təqdim edərək onların yeni əsir götürüldüyü görüntüsünü yaratmağa çalışdığını vurğulayıb.

M23 üsyançıları yanvardan bəri KDR-nin şərqində irəliləyərək Bukavu və regionun ən böyük şəhəri olan Qomanı ələ keçirib. BMT-nin məlumatına görə, döyüşlər 500000-ə yaxın insanı evlərindən didərgin salaraq humanitar böhranı daha da dərinləşdirib.

Mənbə: BBC news

Tərcümə etdi: Gülçin Abdullayeva

Paylaş
Şərh əlavə et