24Media.az-ın budəfəki müsahibi Dermatoloq Tünzalə Əzizlidir. O, kirayə paltarların zərərləri, hansı xəstəliklərə yol aça biləcəyi, sağlamlıq üçün nələrin vacib olduğu haqqında danışıb.

Kirayə paltardan nə zaman istifadə etmək olar?
Kirayə paltarlarının düzgün təmizlənməsi və dezinfeksiyası sağlamlıq baxımından çox vacibdir. Bu səbəbdən insanlar yalnız lazım olduğu hallarda, etibarlı və sağlamlıq standartlarına cavab verən yerlərdən paltar kirayə götürməli və belə məkanlara diqqət etməlidirlər. Məcbur olmadıqca isə belə yerlərdən uzaq durmaq tövsiyə olunur.
Kirayə paltar xəstəliklərin yayılmasında nə dərəcədə təsirlidir?
Kirayə paltarlarının xəstəliklərin yayılmasında rolu böyükdür. Bununla yanaşı, yalnız kirayə paltarları deyil, eyni zamanda ikinci əl paltarlar da müxtəlif infeksiyaların və xəstəliklərin yayılmasına səbəb ola bilər. Məsələn, paltarların üzərində müxtəlif mikroorqanizmlər qalır və bunlar bir insandan digərinə keçə bilər. Yaxınının və ya qardaş-bacı paltarlarını belə istifadə etmək müəyyən risklər yaradır. Çünki bəzi xəstəliklər paltar vasitəsilə asanlıqla yayılır.
Qoturluq son dövrlərdə tez-tez rast gəlinən və çox yayılan bir xəstəlikdir. Bu xəstəlik həmçinin kirayə paltarları və ikinci əl paltarlar vasitəsilə yayılma riski daşıyır. Bu vəziyyətdə paltarların düzgün şəkildə təmizlənməsi və dezinfeksiyası vacibdir.
Paltarların üzərində qalan mikroblar və göbələklər, müxtəlif xəstəliklərə səbəb ola bilər. Misal olaraq, göbələk xəstəlikləri, xüsusilə ayaq göbələyi və digər dəri infeksiyaları, tez-tez ikinci əl paltarları və ya düzgün təmizlənməmiş kirayə paltarları ilə yayılır.
Təmizləmə və dezinfeksiyası vacibdirmi?
Təmizləmə və dezinfeksiya, paltarın üzərindəki mikrobları və infeksiyaları aradan qaldırmaq üçün ən yaxşı yoldur. Paltarlar düzgün şəkildə təmizlənmədikdə, insanın dərisinə, hətta bədəninə yeriyən mikroorqanizmlər xəstəliklərə səbəb ola bilər. Buna görə də, paltarların təmizliyinə diqqət yetirmək yalnız estetik deyil, həm də sağlamlıq baxımından əhəmiyyətlidir.
Kirayə paltar alarkən nələrə diqqət etmək lazımdır?
Kirayə paltarları və ikinci əl paltarlar alarkən diqqətli olmaq lazımdır. Təbii ki, məcburiyyətdən və şəraitdən asılı olaraq, belə yerlərə müraciət edilməsi qaçınılmaz ola bilər, amma orada gigiyenik və təmizliyə xüsusi diqqət yetirilməsi vacibdir. Gərəkli təmizləmə və dezinfeksiya proseslərinin tətbiq edildiyi yerlərdən istifadə etmək sağlamlığımızı qorumağa kömək edəcəkdir.
Məcburiyyət qarşısında belə olsa, hər zaman ən etibarlı və gigiyenik təmizləmə xidmətləri təqdim edən yerləri seçməyə çalışın. Bu, sizin və ailənizin sağlamlığını qorumaq üçün ən doğru yoldur.
Çinarə Tarverdiyeva
