Honq-Konqun Demokratik Partiyasının liderləri, bir vaxtlar şəhərin ən böyük müxalifət qrupu olan partiyanın ləğv edilməsi planlarını açıqlayıblar.
Partiyanın sədri Lo Kin-hei çərşənbə axşamı gecə saatlarında keçirilən mətbuat konfransında bildirib ki, üzvlər tezliklə 31 illik partiyanın bağlanıb-bağlanmaması ilə bağlı yekun qərara səs verəcəklər.
Partiya Çinin 2019-cu il etirazlarından sonra şəhərdə müxalifəti sıxışdırmaq üçün atdığı addımlardan sonra sağ qalmaq üçün mübarizə aparır.
Pekin və Honq-Konq hökuməti bu addımların milli təhlükəsizlik üçün vacib olduğunu iddia edir.
Repressiyaların bir hissəsi olaraq Pekin keçmiş Britaniya koloniyasının seçki sistemlərini əsaslı şəkildə yenidən qurub.
Honq-Konqda 2021-ci ildə qəbul edilən "vətənpərvərlər qanunu" yalnız Pekində kommunist rejiminə sadiq hesab edilən şəxslərin yarı muxtar ərazidə qanunverici və ya yerli məclis üzvü kimi fəaliyyət göstərə bilməsini təmin edib.
Bu qanun faktiki olaraq Demokratik Partiyanın seçkilərdə iştirakını qadağan edib.
Çərşənbə axşamı partiya iclasından sonra gecə keçirilən mətbuat konfransında Lo bildirib ki, partiyanın liderləri "indiki siyasi vəziyyəti" nəzərə alaraq partiyanın fəaliyyətini dayandırmaq çağırışı ediblər.
"Hong Konqda demokratiyanı inkişaf etdirmək həmişə çətindir və son bir neçə ildə xüsusilə çətin olub",- deyə, o, jurnalistlərə bildirib və partiya liderlərinin qərarının siyasi təzyiq altında olub-olmaması ilə bağlı suala cavab verməkdən imtina edib.
Mənbə: BBC news
Tərcümə etdi: Gülçin Abdullayeva
