Donald Tramp Ukraynanın prezidenti Vladimir Zelenskinin ölkəsinin Ukrayna müharibəsinə son qoymaq üçün Səudiyyə Ərəbistanında sülh danışıqlarına dəvət edilməməsinin gözlənilməz olduğunu deməsindən sonra Ukraynanı hədəfə alıb.

Tramp, Ukraynanın reaksiyasından məyus olduğunu bildirib və qeyd edib ki, bu ölkə təxminən üç il əvvəl, Rusiyanın genişmiqyaslı işğalının başlanğıcında, müharibəyə son qoymaq üçün bir saziş bağlaya bilərdi.
Onun bu şərhləri, Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrovun Səudiyyə Ərəbistanında ABŞ dövlət katibi Marko Rubio ilə keçirdiyi danışıqlardan sonra verilib. Lavrov həmin görüşdən sonra bəyan edib ki, ölkəsi heç bir sülh sazişi çərçivəsində NATO ölkələrinin sülhməramlı qüvvələrini Ukraynada qəbul etməyəcək.
Rusiya və ABŞ müharibənin sona çatması ilə bağlı danışıqlara başlamaq üçün qruplar təyin etmək barədə razılığa gəldiklərini bildiriblər.
Mənbə: BBC news
Tərcümə etdi: Ayxan Cəfərov
