Elon Muskın rəhbərlik etdiyi konsorsium OpenAI-ı almaq üçün 97,4 milyard dollarlıq təklif versə də, şirkətin baş icraçı direktoru Sam Altman bu təklifi rədd edib. Altman Muskın sosial media platforması X-də ironik cavab verib: "Xeyr, təşəkkürlər, amma istəsəniz, biz Twitter-i 9,74 milyard dollara alarıq".

Musk və Altman 2015-ci ildə OpenAI-ı təsis etsələr də, Musk 2018-ci ildə şirkətdən ayrılıb. O, OpenAI-nın qeyri-kommersiya missiyasından uzaqlaşdığını iddia edir, Altman isə şirkətin inkişafı üçün maliyyə cəlb etməli olduğunu bildirir.
Muskın təklifi OpenAI-nın son qiymətləndirilən dəyəri – 300 milyard dollardan xeyli aşağıdır. Onun vəkili Mark Toberoff daha yüksək təklif verməyə hazır olduqlarını açıqlayıb.
Bununla yanaşı, OpenAI ABŞ-də Oracle və digər tərəfdaşlarla birlikdə 500 milyard dollarlıq süni intellekt infrastrukturu qurmaq üçün "The Stargate Project" adlı yeni təşəbbüs elan edib. Prezident Donald Tramp bu layihəni "tarixdə ən iri AI infrastrukturu" adlandırıb. Musk isə layihənin real maliyyə təminatına sahib olmadığını iddia edib.
Mənbə: BBC News
Tərcümə etdi: Xavər Məmmədli
