Bu gün:

"Bilmirəm" ifadəsinin ölümü


“Bilmirəm” ifadəsinin ölümü: Süni intellekt erasında biliyin mahiyyəti dəyişir?

Düşünürəm ki, biz təkcə bir növün yox, bir anlayışın yox olmasına şahidlik edirik. “Bilmirəm” ifadəsi getdikcə yaddaşlardan silinir. Artıq istənilən sualı bir süni intellektə ünvanlamaq kifayətdir ki, bizə dərhal cavab versin—səlis, məntiqli və inam dolu bir cavab. Heç bir tərəddüd, qeyri-müəyyənlik olmadan, sadəcə, bilik axını.

Amma burada bir paradoks var: Bu sürətli və səlis informasiyaya çıxış bizi həqiqətən daha ağıllı edirmi, yoxsa sadəcə daha çox əmin olmağa vadar edir?

Sokratın hikmət anlayışı etirafla başlayırdı: O, özünün heç nə bilmədiyini qəbul edirdi. Amma biz elə bir dünyaya doğru irəliləyirik ki, orada artıq heç nəyi bilməmək ehtiyacı qalmır. Çünki suallarımızı bizim yerimizə cavablandıracaq və heç vaxt tərəddüd etməyəcək sistemlərimiz var.

Burada əsas məsələ təkcə nəyi bildiyimiz deyil, həm də biliyin mahiyyətidir. Əgər intellekt artıq dərindən anlamaqla deyil, sadəcə informasiyanı sürətlə əldə etməklə ölçülürsə, biz həqiqətən də idrak sərhədlərimizi genişləndiririk, yoxsa bilik illüziyasına təslim oluruq?

Sokrat 2025-ci ildə olsaydı, nə hiss edərdi?

Sokrat bu gün yaşasaydı, yəqin ki, dəhşətə gələrdi. Onun fəlsəfəsi, bilik axtarışının qeyri-müəyyənlikdən başladığını vurğulayırdı. “Bilirəm ki, heç nə bilmirəm” deyərək insanları sual verməyə və şübhə etməyə təşviq edirdi.

Ancaq müasir dünyada biz artıq suallar üzərində uzun-uzadı düşünmürük—onları süni intellektə yazıb birbaşa cavab alırıq. Artıq qeyri-müəyyənliklə yaşamağa ehtiyac qalmır. Bu, bizə bir dünyanı daha aydın dərk etmək imkanı verirmi, yoxsa sadəcə bizi daha çox yalançı əminlik içində yaşamağa sövq edir?

Çünki həqiqi zəka təkcə məlumat əldə etməklə məhdudlaşmır. O, eyni zamanda mürəkkəbliyi anlamaq, nüansları görmək və bəzən də asan cavablara müqavimət göstərmək bacarığıdır. Süni intellekt bizə sürətli cavablar təqdim edir, amma bizi həqiqi düşünməyə təşviq edirmi?

Google Effektinin yeni mərhələsi

İnformasiyanın əlçatan olması insan beyninin onu necə işlədiyini dəyişir. “Google effekti” adlanan fenomen göstərdi ki, insanlar məlumatı xatırlamaq əvəzinə, onu haradan tapa biləcəklərini yadda saxlayırlar.

Amma indi süni intellekt bu prosesi daha da inkişaf etdirir. Artıq biz təkcə faktları deyil, onların şərhini, təhlilini və nəticələrini də süni intellektdən alırıq. Bu isə düşünmə vərdişlərimizi daha da passivləşdirir.

Süni intellekt və yalançı əminlik

Beynimiz əminlik hissinə meyillidir. Biz öz fikirlərimizin doğru olduğuna inananda dopamin ifraz olunur və bu, bizi xoşbəxt hiss etdirir. Buna görə də təsdiqləmə qərəzi adlanan fenomen yaranır—biz həmişə öz inanclarımıza uyğun məlumatlar axtarır və onlara üstünlük veririk.

Süni intellekt isə bunu daha da gücləndirir. Onun verdiyi cavablar həmişə səlis, inandırıcı və məntiqli səslənir. Amma problem ondadır ki, hətta səhv olsa belə, süni intellekt tərəddüd etmədən, qətiyyətlə cavab verir. Halbuki, əsl elm adamları şübhə edir, qeyri-müəyyənliyi qəbul edir və cavablarını tez-tez yenidən nəzərdən keçirirlər.

Əgər biz qeyri-müəyyənliklə qarşılaşmağı öyrənmədən böyüyən bir nəsil yetişdirsək, bunun nəticələri nə olacaq?

Bütün böyük ideyalar qeyri-müəyyənlikdən doğulur

Tarixdəki ən böyük elmi və intellektual irəliləyişlər qeyri-müəyyənlikdən, bilinməyənlərlə mübarizədən doğulub.

Albert Eynşteyn sadəcə “Zaman necə işləyir?” sualını Google-da axtarıb cavab alsaydı, nisbilik nəzəriyyəsi heç vaxt yaranmazdı. Nikola Tesla süni intellektdən “Elektrik naqilsiz necə ötürülür?” cavabını alsaydı, o, illərlə təcrübələr aparmaq və yeni sistemlər qurmaq əvəzinə, asan cavabla kifayətlənərdi.

Bəşəriyyətin inkişafı məhz qeyri-müəyyənliyi araşdırmaq cəsarəti ilə mümkün olub. Əgər süni intellekt bizi bütün suallara dərhal cavab tapmağa öyrədirsə, biz bu təcrübəni itirmirikmi?

Biliyin illüziyası

Süni intellekt təkcə faktları deyil, həm də biz eşitmək istədiyimizi təqdim edir. O, cavabları bizim gözləntilərimizə uyğun formalaşdıra bilir və bu, bəzən əsl həqiqəti axtarmağa mane olur.

Amma həqiqi zəka təkcə informasiyaya sahib olmaq deyil. O, həm də şübhə etməyi, sual verməyi və qeyri-müəyyənliyi qəbul etməyi tələb edir. Əgər biz dərin düşüncəni rahat cavablara dəyişsək, müdrikliyi səlisliyə qurban vermiş oluruq.

Qeyri-müəyyənlik dövrünə qayıdış

Bəs nə etməliyik? Süni intellekt artıq həyatımızın ayrılmaz hissəsidir. Onun bizə verdiyi rahatlıq və bilik inkarolunmazdır. Lakin bizim öyrənməli olduğumuz əsas məsələ təkcə süni intellekti necə istifadə etmək deyil, həm də onu nə vaxt istifadə etməməkdir.

Biz qeyri-müəyyənliklə barışmağı bacarmalıyıq. Biz cavablara deyil, suallara dəyər verməyi öyrənməliyik. Biz sadəcə informasiyanı qəbul edən deyil, onu analiz edən və yenidən dəyərləndirən düşüncə tərzini inkişaf etdirməliyik.

Və bəlkə də, bu günün ən güclü ifadəsi belə

 olacaq: “Bilmirəm... amma gəlin birlikdə öyrənək.”

Mənbə: psychology today 

Tərcümə etdi: Fatimə Cabbarlı 

Paylaş
Şərh əlavə et