Bu gün:

ABŞ Kanada, Meksika və Çinə əlavə rüsumlar tətbiq edir


ABŞ prezidenti Donald Tramp Kanada, Meksika və Çinə əlavə gömrük rüsumlarının tətbiqi ilə bağlı qərar imzalayıb. Qərara əsasən, Kanada və Meksikadan idxal olunan mallara 25 faiz, Çindən idxala isə 10 faiz əlavə gömrük rüsumu tətbiq ediləcək. Qərar fevralın 4-də ABŞ yerli vaxtı ilə gecə yarısı başlayacaq. Qərarın icra olunacağı ölkələrdən ABŞ-a reaksiya var.

Ağ Ev Trampın Kanada, Meksika və Çindən idxala əlavə tariflər tətbiq edən sərəncam imzaladığını açıqlayıb.

Bununla belə, Kanadadan idxal olunan enerji resursları üçün əlavə gömrük rüsumu 10 faizlə məhdudlaşdırılacaq.

Bundan əlavə, fevralın 1-dən əvvəl Kanadadan ABŞ-a gedən mallara əlavə tariflər tətbiq edilməyəcək. 

Tariflər fevralın 4-də ABŞ yerli vaxtı ilə gecə yarısından sonra qüvvəyə minəcək.

Digər tərəfdən, Trampın imzaladığı sərəncamda qisas bəndi də var.

Müvafiq olaraq, sözügedən ölkələr qisas almağı seçərsə, tariflər artırıla bilər.

ABŞ prezidenti fərmanı imzaladıqdan sonra sosial media hesabında açıqlama verib.

Tramp bildirib ki, bu qərar qeyri-qanuni immiqrantlar və Amerika vətəndaşlarının ölümünə səbəb olan narkotiklərin yaratdığı böyük təhlükə səbəbindən Beynəlxalq Fövqəladə İqtisadi Səlahiyyətlər Aktı vasitəsilə həyata keçirilib.

Kanadanın baş naziri Castin Trüdo ABŞ-ın əlavə rüsumlar tətbiq etmək qərarına reaksiya verib.

Bu qərarın Amerika xalqı üçün fəsadları olacağını bildirən Kanada Baş naziri imzaların azad ticarət müqaviləsini pozduğunu iddia edib.

O, ABŞ-ın Kanadanı cəzalandırmaqdansa, onunla əməkdaşlıq etməli olduğunu bildirib.

O, həmçinin bildirib ki, Kanada da ABŞ-a əlavə tariflər tətbiq edəcək.

O əlavə edib ki, 21 gün ərzində 125 milyard dollarlıq məhsula, çərşənbə axşamından etibarən isə 30 milyard dollarlıq məhsula əlavə vergilər tətbiq olunacaq.

O, ABŞ-ın tətbiq etdiyi tariflərə qarşı Meksika ilə çalışdıqlarını bildirib.

Trampın imzaladığı sərəncama Meksika lideri Klaudiya Şeynbaum da reaksiya verib.

Şeynbaum sosial media hesabından paylaşım edərək, problemlərin əlavə gömrük rüsumları tətbiq etməklə deyil, danışmaq və dialoq qurmaqla həll edilməsi lazım olduğunu bildirib.

O, təklif edib ki, ABŞ prezidenti narkotik ticarətində onları günahlandırmaqdansa, küçələri təmizləsin.

O, Meksikanın tariflərə lazımi cavabı verəcəyini bildirib.

Mənbə: NTV

Tərcümə etdi: Səma İsmayılova

Paylaş
Şərh əlavə et