Bu gün:

Sürrealizm və incəsənət


1924-cü ildə André Breton “Sürrealizm Manifesti”ndə sürrealizmi “ağıldan kənar təfəkkürün diktəsi” olaraq təqdim edib. O zaman yazı bu tərzin əsas daşıyıcısı hesab edilirdi, amma sənət hələ də kifayət qədər sərbəst sayılmırdı. Bununla belə, cəmi bir il sonra, 13 noyabr 1925-ci ildə Parisdə ilk sürrealist sənət sərgisi keçirilib. Joan Miró, Pablo Pikasso, Man Rey və Maks Ernst kimi sənətkarların yuxunu xatırladan qəribə əsərləri təqdim olunub. Bəziləri sürrealizmi sadəcə əyləncə kimi görsə də, əslində, bu sənət faşizm dövründə yaşanan dərin travmalardan yaranıb. Bu həmin dövrün bir çox əsərlərində açıq şəkildə görünür. 
Faşizmə qarşı sənət
Məşhur Salvador Dalinin əyilmiş saatları və xərçəng telefonlarından tutmuş Méret Oppenheimın tüklü fincan və nəlbəkisinə qədər sürrealist sənətin fantastik formaları asanlıqla qeyri-ciddi və əyləncəli qəbul edilə bilər. Lakin Sürrealizm Manifestinin yüz illiyi ilə bağlı sərgilər bu hərəkatın müharibə illərinə cavabını vurğulayır. Bu sərgilər sürrealist sənətin sadəcə estetika deyil, faşizm və müharibəyə qarşı kəskin bir cavab olduğunu göstərir.
Münhendəki Lenbachhausda keçirilən “Bəs burada yaşayaq? Xeyr, təşəkkürlər: Sürrealizm və Antifaşizm” sərgisi, sürrealizmin faşist hərəkatların eyni dövrdə formalaşdığını göstərməyi hədəfləyib.
Fərdi travmalardan sənətə
Sərgidə təqdim olunan sənətkarlardan biri ruminyalı yəhudi rəssam Viktor Brauner idi. Ruminyada antisemitizm artdığı üçün 1930-cu illərdə Parisə köçüb, lakin 1940-cı ildə Nasist işğalı zamanı yenidən qaçmaq məcburiyyətində qalıb. Onun əsərləri həm yumoristik, həm də kədərli elementləri özündə birləşdirir. “Yaralı Subyektivlik Totemi II” (1948) əsəri bu xüsusiyyətlərin mükəmməl nümunəsidir.
René Magritte-in fərdi dəyərləri
Parisdəki Pompidou Mərkəzində keçirilən “Sürrealizm” sərgisi Bretonun manifestini diqqət mərkəzinə gətirir. Sərginin ən diqqətçəkən əsərlərindən biri René Magritte-in “Fərdi Dəyərlər” (1952) əsəridir. Bu əsərdə bir otaqda həddindən artıq böyük əşyalar təsvir edilir. Əvvəlcə əyləncəli görünən bu əsər, əslində, müharibənin gətirdiyi kədərdən ilhamlanıb.
Qadınların sürrealizmdə rolu
Bretonun manifesti kişi təcrübəsinə əsaslanaraq yazıldığı üçün qadınları nəzərə almırdı. Lakin Pompidou Mərkəzi Leonora Carrington, Dorothea Tanning və Dora Maar kimi qadın sənətkarların sürrealizmə töhfələrini qeyd edir. Maarın “Əl-Qabıq” (1934) əsəri qadın obrazını yenidən təsvir edir və müxtəlif mənalar təqdim edir. 
Travmanın təsviri
Leedsdəki Henry Moore İnstitutunda keçirilən “Travmatik Sürrealizm” sərgisi faşizmin gətirdiyi ağrı və travmanın qadın sənətkarlar tərəfindən necə təsvir edildiyini araşdırır. Professor Patricia Allmer, bu sərginin kuratorlarından biri, qadın sürrealistlərin müharibə travmasını birbaşa sənətlərində ifadə etdiklərini vurğulayır.
Méret Oppenheimın “Dələ” (1969) əsəri bu mövzunun gözəl nümunəsidir. Görünüşdə əyləncəli olan bu əsər, əslində, dərin şiddət mesajları daşıyır. Yumor, Bretonun ifadə etdiyi kimi, “həqiqəti çox sıxıcı olduğu zaman kənara itələməyə imkan verir”.
Mənbə: BBC News  
Tərcümə etdi: Nigar Muştaqova  
Paylaş
Şərh əlavə et