24media.az-ın budəfəki müsahibi Varşava Universitetində Avropa iqtisadiyyatı üzrə bakalavr təhsili almış, hazırda həmin universitetin Beynəlxalq Münasibətlər fakültəsində magistratura təhsili alan azərbaycanlı tələbəmiz Ayişə Hüseynlidir. O, xaricdə necə təhsil almasından, onun çətinlikləri və üstünlüklərindən danışıb.
Müsahibəmizin əvvəlində Ayişə xanım xaricdə təhsildən, o cümlədən, Varşava Universitetini seçməsindən bəhs edib:
"Xaricdə oxumağı seçməyimin əsas səbəbi beynəlxalq təcrübə əldə etmək və müxtəlif mədəniyyətlərlə tanış olmaqdır. Bu qərar mənim üçün həm fərdi inkişaf, həm də peşəkar biliklərimi artırmaq baxımından önəmli idi. Varşavada təhsil alaraq Avropa İttifaqı və Mərkəzi-Şərqi Avropanın siyasi sistemini dərk etmək fürsəti əldə etdim. Bundan əlavə, Varşava Universitetini seçməyimdə onun beynəlxalq əlaqələri və tədrisin keyfiyyətinin də böyük rolu oldu".
O, Avropa iqtisadiyyatı sahəsində təhsil aldığı müddətdə qarşılaşdığı çətinliklərdən, gördüyü fərqliliklərdən danışıb:
"İlk növbədə, həm Covid-19 dönəmində təhsilimə başladığım, həm də fərqli təhsil sisteminə uyğunlaşmağa çalışdığım üçün bəzi maraqlı fərqliliklər və çətinliklər müşahidə etdim. Fikrimcə, əsas çətinlik iqtisadiyyat sahəsində biliklərimi təkmilləşdirib onları fərqli dildə təqdim etmək idi. Bundan əlavə, tək yaşadığım üçün həyatın hər sahəsində məsuliyyət daşımaqla yanaşı dərslərə diqqət yetirmək bir az çətinlik yarada bilir. Fərqliliklərə gəldikdə isə Varşava Universtitetində tələbələrə verilmiş sərbəstlik və tələbə təşkilatlarının həyata keçirdiyi layihələr diqqətimi çəkdi. Ümumiyyətlə, bu təcrübə həm akademik, həm də peşəkar həyatımda əhəmiyyətli rol oynadı".
Müsahibimiz Varşavada aldığı bakalavr təhsilinin Beynəlxalq Münasibətlər bölümündəki təhsilinə olan təsirlərini qeyd edib:
"Avropa İttifaqı kimi beynəlxalq təşkilatların daxili siyasəyi və iqtisadi qərarlarının qlobal təsirlərini öyrənmək, Beynəlxalq Münasibətlər sahəsində daha geniş perspektiv əldə etməyimə kömək etdi. Eyni zamanda, müxtəlif mədəniyyətlərdən olan tələbə və müəllimlərlə ünsiyyət quraraq qlobal diplomatiyada kommunikasiya və əməkdaşlıq bacarıqlarımı təkmilləşdirdim. Burada təhsil almağım həmçinin Beynəlxalq Münasibətlər sahəsindəki tədqiqatlarımı daha məqsədyönlü və multidissiplinar yanaşmalarla zənginləşdirdi".
Ayişə xanım Beynəlxalq Münasibətlər sahəsində nail olmaq istədiyi ən böyük məqsədini bizimlə bölüşüb:
"Beynəlxalq Münasibətlər sahəsində ən böyük marağım enerji təhlükəsizliyi, bərpa olunan enerji mənbələrinə keçid və bu kontekstdə Avropa İttifaqı ilə Azərbaycan arasındakı enerji ticarəti mövzularına yönəlib. Bu sahələrdə tədqiqatlara akademik töhfə vermək və mövcud bilik bazasının zənginləşdirilməsinə dəstək olmaq istəyirəm".
O, təhsilini daha da zənginləşdirmək üçün əlavə bacarıqlar üzərində çalışdığını da qeyd edib:
"Təhsilimi daha da zənginləşdirmək üçün bir sıra fəaliyyətlər üzərində işləyirəm. Bunlar arasında tədqiqat mərkəzlərində təcrübə proqramlarında iştirak etmək və universitet layihələrində könüllü olmaq xüsusi yer tutur. Həmçinin, onlayn könüllülük fəaliyyəti ilə müxtəlif beynəlxalq layihələrdə iştirak etməyə çalışıram. Təhsilimi daha da genişləndirmək üçün bir semestr boyunca Erasmus+ mübadilə proqramı çərçivəsində xaricdə oxumaq da mənim üçün önəmli təcrübə olub. Bakalavr təhsilimi davam etdirərkən Orta Doğu Texniki Universitetində Erasmus+ proqramı vasitəsilə təhsil aldım. Bu təcrübə Avropa İttifaqı və onun siyasətləri ilə bağlı Türkiyənin baxış bucağını daha yaxşı anlamağıma böyük töhfə verdi. Müxtəlif dövlətlərin və akademik institutların perspektivlərini öyrənmək, qlobal problemlərə daha geniş prizmadan yanaşmaq üçün dəyərli bir imkan oldu".
Müsahibəmizin sonunda A.Hüseynli xaricdə təhsil almaq istəyən azərbaycanlı tələbələrə öz tövsiyələrini verib:
"Bu universitetdə təhsil almaq istəyənlər ilk növbədə universitetin rəsmi veb səhifəsi vasitəsilə onlayn müraciət etməlidirlər. Müraciət etdikləri proqramdan asılı olaraq müəyyən sənədlər təqdim etmək tələb olunur. Bu sənədlərə ingilis dili biliyini təsdiq edən sənəd, məktəbi bitirmə şəhadətnaməsi və digər müvafiq sənədlər daxildir. Müraciət prosesi həmçinin namizədlərin müraciət etdikləri proqram üzrə biliklərini qiymətləndirmək üçün təşkil olunan müsahibədə iştirak etməyi də əhatə edir. Bu müsahibə namizədlərin proqramla bağlı anlayışlarını və uyğunluqlarını müəyyən etmək üçün nəzərdə tutulur".
Həvva Cəbrayılova