24media.az-ın budəfəki müsahibi Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmovdur. O, maskulin enerjinin mahiyyəti, onun balanssızlığının səbəbləri və müasir qidalanmanın bu enerjiyə təsirindən danışıb.
-Maskulin enerji nədir və onun azalması insana psixoloji olaraq necə təsir edir?
Maskulin enerji kişilərlə assosiasiya olunan müəyyən psixoloji və emosional xüsusiyyətləri, o cümlədən liderlik, iradə, qərarlılıq, fiziki güc və məqsəd yönümlülüyü əhatə edir. Bu enerji həm kişilərdə, həm də qadınlarda mövcud olsa da, kişilərdə daha dominant şəkildə təzahür edir. Maskulin enerjinin azalması insanın özünəinamını, motivasiyasını və qərar qəbul etmə bacarığını zəiflədərək depressiya, təşviş və emosional uzaqlaşma kimi problemlərə səbəb ola bilər.
-Maskulin enerjinin azalması qidalanma ilə əlaqəli ola bilərmi?
Maskulin enerjinin balanssızlığı ya həddindən artıq dominantlıq, ya da zəiflik şəklində özünü büruzə verir. Həddindən artıq dominant maskulin enerji insanı aqressiv, inadkar və eqoist edə bilər, zəif maskulin enerji isə emosional qeyri-sabitlik, özünəinam itkisi və passiv davranışlarla nəticələnə bilər. Bu cür balanssızlıq həm işdə, həm də şəxsi həyat münasibətlərində ciddi çətinliklərə səbəb ola bilər.
Maskulin enerji qidalanmadan birbaşa təsirlənir. Hormonların, xüsusilə də testosteronun səviyyəsi qidalanma ilə sıx bağlıdır. Qida çatışmazlığı, işlənmiş məhsulların həddindən artıq istehlakı və vitamin-mineral əskikliyi maskulin enerjinin azalmasının əsas səbəblərindəndir. Hormonal balanssızlıq isə bu enerjinin zəifləməsinə təsir göstərən ən mühüm amillərdən biridir.
-Müasir qidalar (məsələn, süni əlavələr, şəkərli və işlənmiş qidalar) maskulin enerjinin azalmasına səbəb ola bilərmi?
Bəli, müasir qidalar maskulin enerjinin azalmasına səbəb olur. Süni əlavələr, işlənmiş qidalar və şəkərin həddindən artıq istehlakı hormonal balanssızlığa və testosteronun azalmasına gətirib çıxara bilər. Məsələn, süni əlavələr və trans yağlar hormonal balansı pozur. Şəkərli içkilər və qidalar insulin müqavimətinə səbəb olaraq testosteronu azalda bilər. İşlənmiş qidalar vitamin və mineral çatışmazlığına yol açır, bu da maskulin enerjiyə təsir edir.
Təbii, işlənməmiş qidaların qəbulu hormonal sağlamlığı qorumaq və maskulin enerjini artırmaq üçün vacibdir.
Fatimə Cabbarlı