II Dünya Müharibəsindən sonra Yaponiya bir imperiyadan təmsilçi demokratiyaya çevrildi. Müharibədən sonrakı dövrdə ABŞ-nin işğalı altında həyata keçirilən hökumət islahatları ilkin mərhələdə olduqca liberal idi. Lakin Soyuq Müharibənin təsiri ilə siyasətdə dəyişikliklər baş verib və Yaponiyada mühafizəkar siyasət güclənib.
Müharibənin sonunda Kioto şəhərindən başqa Yaponiyanın bütün böyük şəhərləri ciddi dağıntılara məruz qalıb və ölkə ABŞ işğal qüvvələrinin tam nəzarəti altına keçib. İmperator Hirohito bəzilərinin ehtimal etdiyi kimi müharibə cinayətlərinə görə mühakimə edilməyib, lakin onun siyasi səlahiyyətləri ləğv edilib və tamamilə simvolik bir dövlət başçısına çevrilib. Qadınlara ilk dəfə seçki hüququ verilib. Əvvəllər dövlət dini olan Şinto hökumətdən ayrılıb və Yaponiyanın sənaye və siyasətinə nəzarət edən iri korporasiyalar (zaibatsu) parçalanmağa çalışılıb. Müharibədən əvvəl qadağan edilən siyasi partiyaların yaradılmasına və yenidən təşkil olunmasına, həmçinin sosialistlər və digər solçuların fəaliyyətinə icazə verilib.
Amerikan işğalı bu liberallaşma prosesinə dəstək versə də, Sovet İttifaqı ilə artan gərginliklər nəticəsində ABŞ hökuməti Yaponiyaya bu kursu dəyişməsi üçün təzyiq göstərib. Müharibə dövründə fəaliyyət göstərən siyasətçilər bağışlanıb və yenidən hökumətə inteqrasiya olunub. Kommunizm və təşkilatlanmış işçi hərəkatı yenidən təzyiqlərə məruz qalıb. Hətta amerikalıların əvvəlcə təklif etdiyi müharibə əleyhinə dəyişikliklərin ləğvi məsələsi də müzakirə edilib. Bununla belə, bu dəyişikliklər baş verməyib, lakin həmin dövrdə həyata keçirilən siyasətlər nəticəsində müharibədən sonrakı hökumətin tərkibi və siyasəti müharibədən əvvəlki dövrdə mövcud olanlara çox bənzər şəkildə qalıb.
Mənbə: 411answers.com
Tərcümə etdi: Gülçin Abdullayeva