Bu gün:

Üç İsa təcrübəsi


1940-cı illərdə Merilenddəki bir ruhi xəstəxanada elm dünyasını və psixiatriyanı dərindən təsirləndirəcək bir hadisə baş verib. Həmin dövrdə xəstəxanaya yerləşdirilən iki qadın bir-birindən xəbərsiz eyni xülyaya sahib olub: hər ikisi özünü Məryəm ana hesab edib. Bir gün bu iki qadın ortaq bir məkanda qarşılaşanda gözlənilməz bir şəxsiyyət münaqişəsi yaşanıb.


Qadınlardan biri: “Salam, mən Məryəməm, İsanın anasıyam”, - deyib. Digəri isə təəccüblə cavab verib: “Ola bilməz, İsanın anası mənəm!” Bu qarşılıqlı iddialar qısa müddət ərzində bir aydınlanmaya səbəb olub. Qadınlardan biri digərinə dönərək:"Əgər sən Məryəmsənsə, deməli, mən də sənin anan olmalıyam!” deyib və mübahisəni sona çatdırıb. Maraqlıdır ki, bu qəbullanma həmin qadının müalicəyə tez cavab verməsinə və qısa müddətdə xəstəxanadan çıxmasına səbəb olub.

Bu hadisə 1955-ci ildə "Harper’s" jurnalında yayımlanıb və məşhur sosial psixoloq Dr. Milton Rokeşin diqqətini çəkib. Rokeş bu hadisənin müalicə üsulu kimi istifadə edilə biləcəyini düşünüb. O eyni sanrıları paylaşan xəstələrin bir araya gətirilməsinin bu düşüncələri sarsıb məntiqin zehnə yol tapmasını təmin edib-etməyəcəyini araşdırmaq istəyib. Bu fikir həmin dövr üçün olduqca radikal və yenilikçi idi. Bu sualın cavabını tapmaq üçün Rokeş 1959-cu ildə "Üç İsa Təcrübəsi" adını verdiyi tədqiqatına başlayıb.

Rokeş Miçiqandakı Ypsilanti Dövlət Xəstəxanasında özünü İsa hesab edən üç xəstə tapıb. Bu xəstələr xəstəxananın D23 bölməsinə yerləşdirilib və uzun müddət birlikdə vaxt keçirmələri təmin olunub. İlk görüşdə 58 yaşlı Cozef Kassel özünün İsa olduğunu iddia edib. Daha sonra 70 yaşlarında olan Klayd Benson adının İsa və Tanrı olduğunu deyib. Ən gənc olan 38 yaşlı Leon Qabor isə özünü "Rəblərin Rəbbi, Kralların Kralı" kimi təqdim edib və Nazaretli İsanın reinkarnasiyası olduğuna inandığını əlavə edib.

Ancaq təcrübənin nəticələri gözlənildiyinin əksinə irəliləyib. Xəstələr kimlik inancına sıx-sıx bağlı qalıb və inancını sorğulamaq əvəzinə daha da möhkəmləndirib. Rokeş bu təcrübənin sonunda böyük bir hüsrana uğrayıb, lakin bu təcrübə psixiatriya dünyasında böyük bir səs-küyə səbəb olub. Sanrılar və kimlik inanclarının nə qədər davamlı olduğunu ortaya qoyan bu təcrübə, eyni zamanda, psixoloji tədqiqatlarda etik standartların əhəmiyyətini də gözlər önünə sərib.

1964-cü ildə Rokeş bu təcrübə haqqında bir kitab yazıb. Kitabda xəstələri manipulyasiya etməyin və etik pozuntuların yanlış olduğunu etiraf edib. Təcrübənin bəzi tərəflərini tənqid edərkən, öz səhvlərini də açıqca qəbul edib. Rokeş təcrübə zamanı zaman-zaman "Tanrı Kompleksi" yaşadığını, yəni öz nəzarətində olan xəstələri manipulyasiya edərək onlar üzərində mütləq bir gücə sahib olduğunu düşündüyünü bildirib. Bu, elm adamlarının da zaman-zaman öz sərhədlərini və etik məsuliyyətlərini gözdən keçirmələri lazım olduğunu göstərən vacib bir etiraf olub.

Bu təcrübə ABŞ-da 1974-cü ildə qüvvəyə minən Milli Tədqiqat Qanunu'nun hazırlanmasında təsirli olub. Bu qanun belə tədqiqatların etik qaydalara uyğun şəkildə aparılmalı olduğunu vurğulayıb və elm dünyasında insan hüquqlarına hörmət göstərilməsinin əhəmiyyətini bir daha xatırladıb. Təcrübənin etik tərəfləri Milgram Təcrübəsi kimi digər mübahisəli tədqiqatlara da işıq tutub və psixiatriya sahəsində aparılan tədqiqatların daha etik və insan mərkəzli olmasını təmin edib.

Üç İsa Təcrübəsi insan beyninin nə qədər mürəkkəb və davamlı olduğunu göstərməsi baxımından önəmlidir. Beynin sirrlərini anlamaq və həll etmək üçün aparılan bu cür tədqiqatlar, etik sərhədləri aşmamalıdır. Bu təcrübə, eyni zamanda, psixiatriya və psixologiya sahəsində etik standartların müəyyənləşdirilməsində də vacib bir mərhələdir. Bu gün bu təcrübənin nəticələri insan zəhninin dərinliklərinə enmək üçün etik və məsuliyyətli bir yanaşmanın lazım olduğunu vurğulayır.


Mənbə: Medium

Tərcümə etdi: Səidə Abasova

Paylaş
Şərh əlavə et