1896-cı ildə İsveçli iş adamı Alfred Nobel vəfat etdikdə o dövrün ən böyük şəxsi sərvətlərindən birini geridə qoyub. Nobel son vəsiyyətnaməsində qalan 31,5 milyon İsveç kronu sərvətinin təhlükəsiz qiymətli kağızlara yatırılmasını və bir fond yaratmaq üçün istifadə edilməsini təyin edib. Bu fondun faiz gəlirləri hər il "ötən il ərzində bəşəriyyətə ən böyük fayda verən şəxslərə mükafatlar şəklində paylanmalı" idi.

Vəsiyyət
Vəsiyyətnamədə mükafatların hansı sahələrdə təqdim ediləcəyi – fizika, kimya, tibb və ya fiziologiya, ədəbiyyat və sülh – və mükafatların təqdim edilməsi zamanı müvafiq komitələrin hansı kriteriyalara əməl etməli olduğu göstərilmişdir. Vəsiyyətə əsasən, Nobel Sülh Mükafatı “millətlər arasında qardaşlığı təşviq etmək, daimi orduların ləğvi və ya azaldılması, həmçinin sülh konqreslərinin təşkili və yayılması üçün ən çox və ya ən yaxşı iş görən şəxsə” təqdim edilməli idi.
Norveç Nobel Komitəsi
Alfred Nobelin vəsiyyətnaməsində qeyd edilirdi ki, Nobel Sülh Mükafatı Norveçin parlamenti olan Storting tərəfindən seçilmiş beş nəfərlik komitə tərəfindən təqdim edilməlidir. Storting bu vəzifəni 1897-ci ilin aprelində qəbul edib və həmin ilin avqustunda Norveç Nobel Komitəsi yaradılıb.
Nobel Fondu
İsveçdə isə Nobelin vəsiyyəti Nobel ailəsinin bir hissəsi ilə uzun sürən hüquqi mübahisəyə səbəb olub. Bu münaqişə həll olunana və 1900-cü ildə İsveçdə Nobel Fondunun yaradılması ilə maliyyə məsələləri nizamlanana qədər Norveç Nobel Komitəsi və digər mükafat təqdim edən qurumlar öz işlərinə başlaya bilməyiblər.
İlk mükafat
İlk Nobel mükafatları 1901-ci ildə təqdim edilib. Həmin ilin Sülh Mükafatı fransız Frederik Passi və isveçrəli Jan Henri Dunan arasında bölüşdürülüb.

Mənbə: Nobel peace prize
Tərcümə etdi: Arzu Qafarova
