"Ölürəm tanrım, bu da oldu axırki.
Hər ölüm erkən ölümdür, bilirəm tanrım.
Amma, həm də aldığın bu həyat, pis deyildi...
Üstü qalsın..."
Bu şeir və digər yazılarla yanaşı, uşaq kitabları, gündəliklər, toplular və tənqidi məqalələr də yazan Cəmal Sürəya, eyni zamanda şeir və tərcümələr də etmişdir. Əsl adı Cəmaləttin Seber olan şair 1931-ci ildə Türkiyənin Ərzincan şəhərində doğulub.
Cəmal Sürəya, anası Gülbəyaz və atası Hüseynlə birlikdə uşaqlıq illərini Ərzincanda keçirmişdir. Lakin 1938-ci ildə baş verən "Dersim üsyanı" zamanı ailəsi Biləcikə sürgün edilir. Sürgündən qısa müddət sonra, o zaman cəmi 23 yaşında olanda anası vəfat edir. Atası isə onu təhsilini böyük şəhərdə davam etdirməsi üçün İstanbula, xalasının yanına göndərir. Daha sonra ailənin digər üzvləri də İstanbulda ona qatılır, amma bir müddət sonra yenidən Biləcikə qayıtmaq məcburiyyətində qalırlar.
Uşaqlıq illərində ədəbiyyata marağı
Cəmal Sürəyanın ədəbiyyata marağı çox erkən yaşlarında başladı. Anasından eşitdiyi xalq hekayələri onda “şairlik duyğusu” yaratdı. Orta məktəb illərində oxuduğu Dostoyevski əsərləri isə ona tamamilə yeni bir dünya açdı. İlk eşqi olan (sonradan ilk həyat yoldaşı) Səniha üçün şeirlər yazır və dostları ona “Şair” və “Aşiq” deyirdilər.
1944-cü ildə Biləcik orta məktəbinə daxil olan Cəmal Sürəya, atasından gizli şəkildə internat imtahanlarında iştirak edərək "pulsuz təhsil" haqqı qazanıb. Orta məktəb illərində Türk dili və ədəbiyyat dərslərindəki müvəffəqiyyətləri ilə müəllimlərinin diqqətini çəkib. Boş vaxtlarını Bakırcılar bazarındakı kitabxanada keçirən Cəmal burada müxtəlif romanlar oxuyurdu.
1947-ci ildə yenidən internat təhsili alaraq Haydarpaşa liseyinə daxil oldu. Bu illərdə ədəbiyyata marağı daha da dərinləşdi, köhnə yazını özbaşına öyrəndi və xüsusilə, klassik ədəbiyyatı araşdırmağa başladı.
Universitet təhsili və Ankara illəri
Liseyi bitirdikdən sonra 1950-ci ildə Ankara Universitetinin maliyyə ixtisasına daxil oldu. Bu illər onun dünya görüşünün, şəxsiyyətinin və sənətkarlığının formalaşmasında əhəmiyyətli rol oynadı. Hələ universitet tələbəsi ikən ilk həyat yoldaşı Səniha ilə evləndi.
Cəmal Sürəyanın ilk şeiri “Şarkısı bəyaz” 1953-cü ildə “Mülkiyə” qəzetində yayımlandı. Şair, "İkinci yeni" hərəkatının əsas simalarından biri olaraq tanındı.
Peşə həyatı və ilk şeir kitabları
1954-cü ildə universiteti bitirən Sürəya, Eskişehir vergi idarəsində təcrübəçi olaraq işə başladı. Həmçinin, İstanbulda Maliyyə Nazirliyində çalışdığı müddətdə "Papirus" adlı jurnal çıxardı və bu jurnal vasitəsilə ədəbiyyata daha da yaxınlaşdı. Onun ilk şeir kitabı “Üvercinka” 1958-ci ildə nəşr edildi və Yeditəpə şeir mükafatına layiq görüldü.
Paris və digər fəaliyyətlər
1961-ci ildə təftiş məqsədilə Parisə göndərilən şair, burada bir il qaldıqdan sonra müxtəlif şəhərlərdə iş fəaliyyətini davam etdirdi. 1966-cı ildə “Papirus” jurnalını yenidən nəşr etməyə başladı və jurnalı müntəzəm olaraq 1970-ci ilə qədər yayımladı.
1977-ci ildən etibarən "Politika" qəzetində həftəlik məqalələr yazmağa başladı. Daha sonra müxtəlif dövlət vəzifələrində çalışsa da, 1982-ci ildə təqaüdə çıxdı.
Mükafatlar və irsi
Cemal Sürəya ilk kitabı “Üvercinka” ilə Yeditepe şeir mükafatını qazandı. İkinci kitabı “Göçebe” 1966-cı ildə Türk dil qurumunun ədəbiyyat mükafatına layiq görüldü. 1988-ci ildə isə “Sıcak Nal” və “Güz Bitiği” əsərləri ilə Behçet Necatigil şeir mükafatını qazandı.
Şair 1990-cı il yanvarın 9-da şəkər komasından vəfat etdi və İstanbulda dəfn edildi.
Cemal Süreya həm şair, həm də tərcüməçi, yazar və tənqidçi kimi ədəbiyyata böyük töhfələr vermişdir. Onun adı Türk ədəbiyyatında əbədi olaraq yaşayır.
Mənbə: TRT haber
Tərcümə etdi: Zeynəb Həsənova
