
Rene Maqritte 20-ci əsr belçikalı sürrealist rəssamdır. Onun sürrealist rəsmləri həmişə bir çox mübahisələrə səbəb olub, çünki onlarda təsvir olunan simvollar aydın izahata imkan vermir.
"Aşiqlər" (və ya "Sevgililər") rəsm əsəri, Maqrittin digər əsərlərinin əksəriyyəti kimi, həll edilməsini tələb edən bir tapmaca növü kimi qəbul edilir. Bu şəkil çoxlu sayda şərhlərə səbəb olub...
1915-ci ildə rəssam fəal şəkildə rəssamlıqla məşğul olmağa başlayıb. Şəhərin Kral İncəsənət Akademiyasının yaxınlığında məskunlaşaraq, orada kurslar almağı planlaşdırıb və impressionist üslubda ilk əsərlərini yaradıb. Lakin Akademiyada o, kubizm və futurizmə, daha sonra isə 1920-ci illərin əvvəllərindəki Dada hərəkatına maraq göstərib. Lakin 1926-cı ildə Maqritte sürrealist əsərlərinin ilki hesab edilən “İtirilmiş jokey” əsərini yaradıb.
Maqrittin işi reallıqla bizim təxəyyülümüzün yaratdığı zehni obrazlar arasında fərq qoyma qabiliyyətinin olmadığını vurğulayır. Onun rəsmləri çox vaxt xüsusi təhlil tələb edir və sanki bir-birinin üstünə qoyulmuş kimi bir neçə qat obrazdan ibarətdir. Rene Maqritte “Aşiqlər” əsərində ehtiraslı qucaqlaşan, üzlərini örtən ağ çarşafların arasından öpüşən cütlüyü təsvir edib...
Maqrit öz əsərlərində tez-tez müxtəlif metaforik obrazlardan və simvollardan istifadə edir. Bu əsərin ən maraqlı elementi personajların üzlərini örtən ağ çarşafdır. Bir çox sənət tarixçiləri rəssamın uşaqlığının faciəvi hekayəsi ilə paralellər aparırlar.
Maqrittin anası Regina həyatının çox hissəsini dərin depressiyadan keçirib və bir neçə dəfə intihara cəhd edib. Həyat yoldaşının durumundan narahat olan sənətçinin atası Leopold yeni intihar cəhdlərinin qarşısını almaq üçün arvadını yataq otağına bağlamaq qərarına gəlsə də, taleyüklü gün yenə də gəlib çatmışdı. Gələcək sənətçinin 14 yaşı olanda anası "həbsdən" qurtula bilib. Onlar bir neçə gün Reginanı axtarsalar da, Sambre çayında yalnız onun cansız cəsədi tapılıb. Bədəni sahilə çıxanda başı gecə köynəyinin ətəyinə bükülmüşdü. Rəssam hətta öz həyat yoldaşı ilə belə bu mövzuda söhbətlərdən yayınıb və tənqidçilərin bu faktın onun yaradıcılığına təsirini həddən artıq qiymətləndirdiyini iddia edib, lakin təkrarlanan parçaya bükülmüş baş motivi bunun əksini göstərir.
Ən çox yayılmış versiyaya görə, rəssam rəsmdə "sevgi kordur" ümumi ifadəsinin təcəssümünü təsvir etmək qərarına gəlib: qəhrəmanlar həm ətrafdakılar, həm də bir-birləri üçün sirrdir, üstəlik, onlar ehtirasla o qədər hopublar ki, ətraflarında heç nə görmürlər və eşitmirlər. Magritte sevginin kor olduğunu, iki insanın bir-birini sevmək üçün bir-birini fiziki olaraq görməsinin lazım olmadığını ifadə etməyə çalışıb. Çarşaflar bu iki sevgilinin bir-birinə olan istək obyektini də ifadə edə bilər.
Maqritte nəinki sevgililərin gözlərini yumub eyni zamanda parçanı başlarına dolayıb, bu da başqa bir metaforanı xatırladır - "sevgidən başını itirmək". Bu, yeni assosiasiyaların yaranmasına səbəb olur: sevgi sadəcə kor deyil, insanı ayıq düşünmək qabiliyyətindən məhrum edir. Aşiqlər nəinki ətrafdakı aləmə diqqət yetirmirlər, həm də bir-birlərini görmürlər. Onlar bir-birlərinə deyil, tamamilə ehtiraslara qapılıblar və buna görə də hər şeyi görmək və eşitmək qabiliyyətindən məhrumdurlar.
Mənbə: arts tobe
Tərcümə etdi: Fatimə Umarbəy
