Bu gün:

Arktika buzlaqları ölümcül virusların daşıyıcısı ola bilərmi?


Bir tədqiqata görə, 2016-cı ilin qeyri-adi isti yayında Sibirin ucqar Yamal yarımadasında qarayara xəstəliyinə səbəb olan bakteriya 2500-dən çox maralı öldürüb. 

Normalda daimi olaraq donmuş torpaq təbəqəsinin və ya əbədi donun dərinliyində kilidlənmiş bir vaxtlar hərəkətsiz vəziyyətdə olan patogen, nəhayət, insanlara yayılaraq 12 yaşlı bir oğlanın həyatına son qoyub və onlarla başqasının xəstələnməsinə səbəb olub.

Bəzi tədqiqatçılar epidemiyanın gələcək hadisələrin əlaməti olduğuna inanırlar. İqlim dəyişikliyi Artikanı sürətlə qızdırdığı üçün elm adamları deyirlər ki, bu, əsrlər boyu buzda qalan potensial ölümcül mikrob dalğasını ortaya çıxara bilər. 

Bu təhlükə Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı (UNEP) və Beynəlxalq Elm Şurasının planetlərin sağlamlığı və insanların rifahı üçün yaranan problemləri araşdıran "Yeni Üfüqlərdə Naviqasiya" hesabatında vurğulanır.

UNEP-in baş elmi işçisi Andrea Hinwood deyir: “Bu mikrobların əbədi donda olması bu problemin nə qədər geniş və ya təhlükəli ola biləcəyini söyləməyi çətinləşdirir. Ancaq narahat olmaq üçün kifayət qədər səbəblər var".

Səkkiz ölkə üzrə 14 milyon kvadrat kilometr ərazini əhatə edən Arktika qalın permafrost təbəqəsi, torpaq, qaya, buz və üzvi materialın donmuş qarışığı ilə örtülmüşdür. Mütəxəssislərin fikrincə, Arktika dünyanın qalan hissəsinə nisbətən dörd dəfə daha sürətli istiləşir və əbədi donun əriməsi potensial olaraq qədim bakteriya və virusları azad edir. "Environmental Sustainability" jurnalında aparılan bir tədqiqata görə, hər il təxminən dörd sekstilyon mikrob - bu, 4 rəqəminin yanında 21 sıfır olması deməkdir - permafrostun əriməsi səbəbindən hər il sərbəst buraxılır. 

İstiləşmə Artikanı gəmiçilik, mədənçıxarma və digər sənaye sahələrinə açdığından, Hinwood deyir ki, bu, ərimiş permafrost və orada yaşayan mikroblara daha çox insanı yaxınlaşdıra bilər. 

"Biz Arktikada torpaqdan istifadənin tamamilə dəyişməsinin şahidi ola bilərik və bu, təhlükəli ola bilər".

Xəstəliyin yayılması Arktikanın əriməsi ilə bağlı yeganə problem deyil. 

Dünyanın permafrostunda təxminən 1500 giqaton karbon var ki, bu da atmosferdən təxminən iki dəfə çoxdur. Permafrost əridikcə onun karbonu parçalanır və karbon qazı və ya metan kimi atmosferə buraxılır. Bu istixana qazları planeti daha da qızdırır və potensial fəlakətli dövrədə daha çox permafrost əridir. 

İqlim dəyişikliyinin və xəstəliyin yayılmasının qarşısını almaq üçün dünya iqlim dəyişikliyinə səbəb olan istixana qazlarını cilovlamalıdır. Ölkələr, həmçinin azalan permafrostun monitorinqini davam etdirməli və orada məskunlaşan mikrobların növlərinin qrafikini tərtib etməyə sərmayə qoymalıdırlar.  

Mənbə: unep.org

Tərcümə etdi: Səidə Abasova

Paylaş
Şərh əlavə et