Bu gün:

Almaniyada tibb təhsili: azərbaycanlı tələbənin tövsiyələri


24media.az-ın budəfəki müsahibi Almaniyanın Hamburq Universitetinin tibb fakültəsinin azərbaycanlı tələbəsi Əli Quluzadədir. O, Almaniyada tibb təhsili, təhsil almaq istəyənlər üçün tövsiyələr danışıb.

 


-Niyə Almaniyada təhsil almağı seçdiniz?

Almaniyada təhsil almağın bir  çox üstünlükləri var:

Ödənişsiz təhsil

Digər avropa ölkələrinin tibb fakültələrində illik təhsil haqqı 20 min avrodan başlayarkən Almaniyada isə heç bir ödəniş tələb olunmur. 360 avro semestr ödənişi (semesterbeitrag) qeydiyyat pulu olaraq ödənilir. Bu ödənişlə siz semester kartını əldə edirsiniz və bu kartla semestr boyunca pulsuz şəkildə ictimai nəqliyyatdan istifadə etmək imkanı əldə edirsiniz.

Reytinqli universitetler

Bir çox Alman universitetləri dünya üzrə yüksək sıralamalara və reytinqlərə malikdirlər. Təhsildən sonra yaxşı iş imkanları mövcuddur. Təhsil müddətində isə yaxşı iş və maddi imkanlardan faydalanmaq mümkündür. Avropada səyahət etmək və elmi konfranslarda iştirak etmək imkanları da mövcuddur.

-Almaniyada tibb təhsili almağın mənfi və müsbət cəhətləri?

Müsbət cəhət keyfiyyətli təhsilin olmasıdır. Tibb baxımından həm praktik, həm də müasir klinik təcrübəyə əsaslanan təhsil proqramı; 2-ci müsbət cəhət: təhsildə iş imkanları, hansı ki, mən universitetdə Anatomiya Titoru kimi işləyib, aşağı semestrdəki tələbələrə dərs dedim. Bununla da həm maddi, həm də praktiki cəhətdən təcrübə qazanmış oldum. Digər müsbət cəhət isə elmi fəaliyyət baxımından universitetdə araşdırma imkanlarının çoxluğu, həmçinin araşdırma üçün ayrılan məbləğin yüksək olmağı və eyni zamanda, parelel şəkildə Avropada, xüsusilə, Almaniyada olan konfranslarda, tədbirlərdə viza problemi olmadan pulsuz şəkildə iştirak haqqımızın olması.

Mənfi tərəfi isə sosial-məişət problemləridir. Ailə fərdləriniz yanınızda olmadığı üçün məişət işlərini, xəstəlik hallarını və s. özünüz həll etməli olursunuz. Digər bir problem isə avropaya gələn zaman ev tapmaq çətin olur, çünki ev az, insanlar isə çoxdur. Universitetdə yataqxana üçün isə 1 il sıra gözləmişəm.

-Bəs, azərbaycanlı tələbə kimi Almaniyada bir gününüz necə keçir?

Hər gün fərqli planlarımız olur. Hazırda araşdırma qrupunda olduğum üçün səhər oyandıqdan sonra, ilk növbədə, araşdırma qrupuna gedirəm, labaratoriyalarda müəyyən araşdırmalar edirik. Bəzi günlər xüsusi dərslərimiz olur. Əlavə olaraq, bəzən işdə növbələrimiz olur. Çox vaxt axşamlar rutin olur, universitet yaxınlığında idman zalında tələbələrlə məşq edirik, həftəsonlarını isə məişət işlərinə ayırıram-həftəlik alış-verişin edilməsi, növbət həftənin plan və proqramının qurulması.

 -Almaniyada azərbaycanlı vətəndaşlar və ya tələbələrlə əlaqələriniz var?

Bəli, daha əvvəl tanıdığım digər tibb tələbələri var idi. Amma əsasən, 19 noyabr 2023-cü ildə Azərbaycanın Berlindəki səfirliyinin Mədəniyyət Mərkəzində keçirilən Azərbaycan Həkimlərinin Birinci Forumunda çoxsaylı tələbə yoldaşlarımızla tanış olduq. Biz bir “WhatsApp” qrupu yaratdıq (hələ də o qrup aktivdir). Qarşılıqlı şəkildə təcrübələrimizi bölüşürük, yeni gələn yoldaşlara dəstək olmağa çalışırıq.

-Yeni gələn yoldaşların hansı çətinlikləri olur?

Universitet və dərslərlə bağlı- kitabların PDF variantlarını tapmaq və s.

 -Gələcək planlarınız nələrdir?

Gələcək planım yüksək səviyyədə ixtisasıma peşəkar şəkildə yiyələnməkdir.(mümkün qədər çox tibbi klinik təcrübələr, elmi məqalələr və elmi konfranslarda iştirak). Paralel olaraq da, digər həmkarlarımızla təcrübələrimizi bölüşməkdir. Təhsilimi bitirdikdən sonra isə həkimlik fəaliyyətinə, paralelində klinik araşdırmalarda iştirak etmək istəyirəm. Bildiyiniz kimi Almaniyada həkim azlığı var, xəstə isə çoxdur. Buna görə də, Almaniyada təhsil alan tələbə olacaqsınızsa, bu sahə üzrə iş tapmaq daha asandır.

 -Almaniyada tibb təhsili almaq istəyənlərə hansı tövsiyələri verərdiniz, hansı addımları atmalıdırlar?

İlk olaraq, tövsiyə edərdim ki, mütləq şəkildə Alman dilini öyrənsinlər. Digər məsləhətim isə təhsillə bağlı araşdırmalardır-Almaniyada hansı universitetlər var, hansı şərtlərlə tələbələri qəbul edirlər. Çünki hər bir universitetin önəm verdiyi meyar, qərar vermə səlahiyyəti fərqlidir. Ortalama da çox önəmlidir: istər məktəb, istərsə də universitet təhsilinə başlamısınızsa, inanılmaz dərəcədə önəmlidir. 

Xavər Məmmədli

Paylaş
Şərh əlavə et