Bu gün aktyor Azər Baxşəliyevin vəfat eməsi barədə yayılan məlumat təsdiqini tapmayıb.
Təəssüf ki, bu barədə xəstəxana rəsmilərinin açıqlamasına əsasən yayılan məlumat əksər nüfuzlu media orqanları tərəfindən yayıldı.
Bununla bağlı Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin müəllimi, 24media.az saytının rəhbəri Anzulə Pərvizqızı sualımızı cavablandırıb:

Aktyor Azər Baxşəliyevin vəfat etməsi barədə yayılan ölüm xəbərinin az sonra təkzib edilməsi bir qədər çaşqınlıq yaradıb. Bu halların təkrarlanmaması üçün nə etməliyik?
Bu gün bəzi kütləvi informasiya vasitələrinin yaydığı xəbər yanlış oldu, təəssüf ki, sürətlə yayıldı. Əslində, bu bir qədər fərqli təcrübə idi. Belə ki, xəstəxana onun ölümü ilə bağlı xəbər yayıb. Daha sonra isə həkimlərin səyi ilə ürək fəaliyyətinin bərpa olunduğunu, süni tənəffüs aparatına qoşulduğunu açıqlayan ikinci məlumatı yayıb. Biz burada günahkar axtarmırıq, amma bu və ya digər halda hər iki məlumat xəstəxananın mətbuat xidməti tərəfindən ilkin olaraq yayılıb.
Ümumiyyətlə, ölüm xəbərini yayan jurnalistlər daha da ehtiyatlı davranmalıdırlar. Həm onların doğmaları bundan sarsıla bilirlər, həm də belə xəbər sürətlə mediada yayılır.
Doğrudur ki, ölənin dostları və ailəsi bundan narazı olsa da, jurnalistin tanınmış şəxslərin vəfat etməsi barədə məlumat yaymaq hüququ var. Lakin jurnalistlər müəyyən qaydalara əməl etməlidirlər. Məsələn, yalnız bir mənbədən deyil, rəsmi belə olsa, bir neçə mənbədən məlumatın doğruluğunu təsdiqlətməlidirlər. Bu xəbəri həmin adamın ən yaxın qohumlarına çatdırmaq əvəzinə doğruluğuna tam əmin olmalıdırlar.
Bundan başqa, jurnalistlər ölən adamın dostları və ailəsi üçün lazımsız, narahatlığa səbəb ola biləcək məlumatları dərc etməməlidirlər.
Həvva Cəbrayılova
