Bu gün:

Səlis nitqin sirləri: Firuzə Aslanovadan praktik tövsiyələr


24Media.az-ın “1 sual, 1 cavab” rubrikasının növbəti qonağı Bakı Nitq Mərkəzinin təsisçisi və nitq təlimçisi Firuzə Aslanovadır. O, nitqimizdə yaranan çətinliklər və səlis nitqin formalaşması üçün atılmalı olan addımlardan danışıb.

   -Nitqimizin səlisliyinə maneə yaradan əsas səbəblər nələrdir və bu problemləri necə həll etmək olar?

   -Nitqin səlis olmamasının bir çox səbəbi var. Əsas səbəb isə nitq bacarıqlarının aşağı olmasıdır. Bəzən insanlar düşünür ki, bu problem yalnız şifahi nitqdə özünü göstərir. Lakin mənim fikrimcə, bu, həm şifahi, həm də yazılı nitqdə müşahidə olunur. Belə problemlər şəxsi və iş həyatında müxtəlif çətinliklər yaradır.

Belə hallar necə baş verir? Məsələn, fikrimizi ifadə edərkən həyəcanlanırıq, səsimiz titrəyir və özümüzü necə idarə edəcəyimizi bilmirik. Bu, nitqdəki əsas çətinliklərin başlanğıcıdır.

Səlis nitqin qarşısını alan əsas səbəblər:

    1.    Həyəcan və səsin titrəməsi: Bu, diafraqma nəfəsinin düzgün tənzimlənməməsi ilə bağlıdır. Doğru diafraqma nəfəsi səlis danışığın təməlidir.

    2.    Söz ehtiyatının azlığı və parazit səslər: İnsanlar bəzən “a”, “ı”, “şey” kimi parazit səslərdən istifadə edir və cümlələrini düzgün qura bilmirlər.

    3.    Səs tonunun aşağı olması: Bu, adətən özünəinamın azlığı ilə əlaqədardır və bəzən psixoloji səbəblərdən qaynaqlanır.

    4.    Ağız tənbəlliyi: İnsanların mızıldanaraq danışması və bunun nəticəsində başqalarının onları anlaması çətinləşir.

    5.    İntonasiya problemləri: Vurğu, pauza və digər elementlərin düzgün tətbiq edilməməsi nitqdə monotonluğa səbəb olur.

Problemlərin həlli üçün atılmalı olan addımlar:

    1.    İlk növbədə, diafraqma nəfəsinizi tənzimləyin. Bu, nitqin səlisliyinə gedən yolun başlanğıcıdır.

    2.    Söz ehtiyatınızı artırın və parazit səsləri aradan qaldırmağa çalışın.

    3.    Səs tonunuz üzərində işləyin və özünəinamınızı artırın.

    4.    Artikulyasiya gimnastikası ilə ağız tənbəlliyindən xilas olun.

    5.    Nitqinizdə intonasiyanı düzgün tənzimləyin.

Bu addımları ardıcıl həyata keçirdikdə daha effektiv nəticə əldə etmək mümkündür. Məsələn, mən tövsiyə etmərəm ki, nəfəs tənzimləməsi yerinə birbaşa artikulyasiya məşqlərinə başlanılsın. İlk növbədə nəfəs məşqləri edilməli, sonra artikulyasiya və səs tonunun üzərində çalışılmalıdır.

Bununla yanaşı, gündə ən az 15 dəqiqə səsli mətn oxumağı tövsiyə edirəm. Səsinizi yazın, dinləyin və xətaları qeyd edərək təkrar oxuyun. Bu məşqlər israrlı şəkildə davam etdirildikdə nitqdəki problemləri aradan qaldırmaq mümkündür.

Bəziləri düşünür ki, səlis nitq anadangəlmə bacarıqdır. Lakin bu, yanlış fikirdir. Sadaladığımız məşqləri müntəzəm olaraq etmək bu bacarığı formalaşdırmağa kömək edir. Əgər psixoloji səbəblər bu prosesə mane olursa, peşəkar dəstək almaq vacibdir. Unutmayın ki, nitq və psixologiya bir-biri ilə sıx əlaqədədir.


Lalə Hüseynova

Paylaş
Şərh əlavə et