Bu gün:

Baku Book Center: Kitabsevərlərin sevimli məkanı


24media.az-ın növbəti qonağı Baku Book Center-ın Mətbuat katibi Nigar Hüseynovadır.

Belə ki, Baku Book Center Heydər Əliyev fondunun təşəbbüsü və dəstəyi ilə yaradılan kitab mərkəzidir.

"Mərkəz kitab satışından əlavə, müxtəlif tədbirlərin təşkil edilməsi, kitabsevərlərin asudə vaxtlarını keçirmələri və elmi fəaliyyətlərlə məşğul olanlar üçün nəzərdə tutulmuş bir məkandır. Mərkəzdə oxu zalı, zəif görmə qabiliyyəti olan insanlar üçün xüsusi bölmə, uşaqlar üçün guşə, tədris sahəsi, kitabxana, müxtəlif tədbirlərin keçirilməsi və elmi fəaliyyətlərlə məşğul olanlar üçün nəzərdə tutulmuş sahələr mövcuddur",- deyə o bildirib.

Nigar xanım  verdiyimiz digər suallara da aydınlıq gətirib.

1. Oxucular tərəfindən ən çox maraq göstərilən kitab kateqoriyaları hansılardır?

Oxucuların ən çox müraciət etdiyi ədəbi janrlar arasında klassik ədəbiyyat, psixologiya, özünü inkişaf etdirmə, detektiv və triller janrlarında kitablar üstünlük təşkil edir.

2. Kitabxanada oxumağa həvəsləndirmək üçün necə bir mühit yaradılır? 

Bakı Kitab Mərkəzi yalnız bir kitabxana kimi fəaliyyət göstərmir. Rəflərdə təqdim olunan kitabların əksəriyyəti satışdadır. Mərkəzdə yalnız “Bukinistika” və “Kitabxana” bölmələrində təqdim olunan kitabları oxumaq olar. Bu məqsədlə, burada hər bir şərait mövcuddur – rahat kreslolar, divanlar, dərin döşəkli pəncərə eşikləri, sakitlik və pəncərələrdən açılan gözəl mənzərə. Müştərilər, həmçinin özləri ilə gətirdikləri kitabları da oxuya bilərlər.

3. Bu kitab mərkəzində müasir, yoxsa qədim ədəbiyyata daha çox tələbat var? 

Bakı Kitab Mərkəzində yerli ədəbiyyatdan tutmuş xarici ədəbiyyata qədər həm müasir müəlliflərin müxtəlif sahələri əhatə edən kitabları, həm də qədim, antik ədəbiyyat nümunələri mövcuddur. Kitab alıcıları arasında müasir müəlliflərin əsərlərinə olan tələbat daha çoxdur. Gənclər Azərbaycan dilinə tərcümə olunmuş xarici ədəbiyyatı üstün tuturlar.

4. Kitab oxuyucularının cəmiyyətə olan təsiri haqqında nə düşünürsünüz? 

Kitab həmişə həm siyasi, həm ideoloji, həm də elmi və sosial sahələrdə böyük təsir gücünə malik bir vasitə olub. Azərbaycan xalqının kitaba münasibətini tarixi inkişafda Xaqani, Nizami, Füzuli, Mirzə Fətəli Axundzadə, Səməd Vurğun və Rəsul Rzanın timsalında çoxsaylı misallarla ifadə etmək olar. Bu gün də kitab oxumaq, dünyagörüşünü zənginləşdirmək üçün ən vacib yollardan biridir. Kitab oxumağın faydaları yalnız məlumat əldə etməklə bitmir, eyni zamanda, yaradıcılığı və tənqidi düşünmə qabiliyyətini də inkişaf etdirir. Mütaliəni sevən insanlar həm bacarıq, həm də düşüncə baxımından digərlərindən fərqlənir, ruhən daha zəngin olurlar və əlbəttə, cəmiyyət üçün belə insanlar çox vacibdir.

Arzu Qafarova 

Paylaş
Şərh əlavə et