Geomaqnit qasırğaları Yerin maqnit sahəsində qəfil və geniş yayılmış pozulmalara səbəb olan təbii hadisələrdir. Bu qasırğalar Günəşdən yayılan intensiv plazma və maqnit enerji axınlarının (günəş küləkləri) Yerin maqnitosferi ilə qarşılıqlı təsiri nəticəsində baş verir.

Günəş alovları və tac kütləsinin atılması (CME) bu cür fırtınaların ən çox yayılmış faktorlarıdır. Bu hadisələr Günəşin maqnit sahəsində qəfil dəyişikliklər nəticəsində böyük miqdarda enerji və yüklü hissəciklərin kosmosa buraxılması ilə başlayır. CME-lər kütləvi plazma buludları ilə birlikdə maqnit sahəsi xətlərini daşıyır və nəticədə Yerin maqnit qalxanına dəyən zaman kütləvi enerji ötürülür.
Maqnitosfer planeti günəş küləklərinin zərərli təsirlərindən qoruyan Yerin maqnit sahəsinin qalxanıdır. Bununla belə, bu qalxan güclü CME-lər və ya yüksək sürətli günəş küləkləri qarşısında müvəqqəti olaraq sıradan çıxa bilər. Bu cür pozuntular maqnit sahəsi xətlərinin sıxılmasına, əyilməsinə və yenidən qurulmasına səbəb olur. Bu proses Yerin səthində və atmosferində müxtəlif elektromaqnit hadisələrinin baş verməsinə gətirib çıxarır.
Geomaqnit qasırğalarının təsirləri yer səviyyəsindən tutmuş atmosferin ən yuxarı təbəqələrinə qədər geniş ərazilərdə hiss olunur. Fırtınalar zamanı Yerin maqnit sahəsindəki dalğalanmalar səthdə ölçülə bilən elektrik cərəyanları yaradır ki, bu da infrastruktur sistemlərində ciddi problemlər yarada bilər. Məsələn, elektrik şəbəkələrində həddindən artıq yüklənmə, telekommunikasiya xətlərində fasilələr və naviqasiya sistemlərində səhvlər ümumi təsirlərdir. Bundan əlavə, geomaqnit qasırğaları zamanı baş verən enerji ötürülməsi atmosferin yuxarı təbəqələrində hava molekullarının ionlaşmasına və nəticədə aurora borealis ("şimal işıqları") və aurora australis ("cənub işıqları") kimi füsunkar vizual hadisələrə səbəb olur.
Mənbə: Evrim ağacı
Tərcümə etdi: Fatimə Hüseynova
