24media.az-ın "1 sual, 1 cavab" rubrikasının budəfəki qonağı sosioloq Lalə Mehralıdır. O, sosial medianın Yeni il tətilinə dair cəmiyyətin gözləntilərinə və davranışlarına necə təsir etdiyini şərh edib.
-Sizcə, sosial media Yeni il tətili ilə bağlı cəmiyyətin gözləntilərini və davranışlarını necə dəyişir?
Bu, əslində, insandan insana dəyişir. Elə insanlar var ki, təqlid etməyi üstün tutur, elələri də var ki, öz həyatını yaşamağa çalışır. Sosial şəbəkələr həyatımıza daxil olduqdan sonra təqlid etmə meyli əhəmiyyətli dərəcədə artıb. İnsanlar sosial mediada gördüklərini öz həyatlarında tətbiq etməyə çalışırlar. Başqalarının həyatını qibtə ilə izləyən, hətta həsəd aparan insanların sayı artmaqdadır.
Məsələn, kimsə sosial şəbəkədə özəl gününü xüsusi bir konseptlə paylaşırsa, bu, dərhal digərləri üçün təqlid nümunəsinə çevrilir. İnsanlar həmin şəxsin etdiyi addımları təkrarlamağa və onun getdiyi yerlərə getməyə can atırlar.
Bayramların qeyd olunma tərzində də bu təsir açıq şəkildə görünür. Əvvəllər Yeni il şənlikləri əsasən ailə daxilində keçirilirdi. Lakin indi insanlar ya xüsusi proqramlar hazırlayır, ya da başqalarının proqramlarını təqlid edirlər. Beləliklə, fərdlər, necə deyərlər, başqasının həyatını yaşamağa özlərini məcbur edirlər.
Sosial mediada gördüyü hər şeyi öz həyatına tətbiq etməyə çalışan insanlar, çox vaxt, bu davranışın yaratdığı yükün altından çıxmaqda çətinlik çəkirlər. Bu proses kredit kartı borclarının artmasına, banklara ödənişlərdə gecikmələrə və hətta maaşın əvvəlcədən xərclənməsi kimi problemlərə səbəb olur. Nəticədə bayramdan sonra ciddi maliyyə sıxıntıları ilə üzləşirlər.
Buna görə də bayram və digər özəl günlər qeyd olunarkən sosial medianın diktə etdiklərinə deyil, fərdin şəxsi büdcəsinə uyğun davranışa üstünlük verilməsi vacibdir. Hər kəs özünü olduğu kimi qəbul etməli və bayramları da öz şəxsiyyətinə uyğun qeyd etməlidir.
Burada yalnız Yeni ili deyil, bütün özəl günləri nəzərdə tuturam. Hər bir insanın özəl günü fərdidir və bu fərdiliyi öz mənəvi və maliyyə resurslarına uyğun şəkildə yaşamalıdır. Təqlid isə nə mənəvi, nə də maddi baxımdan insana xeyir gətirir. Əksinə, təqlid insanı öz fərdiliyindən uzaqlaşdırır və maliyyə baxımından ciddi çətinliklərə yol açır ki, bunun nəticələri sonradan ağır ola bilər.
Nəticə olaraq, bayramlar və özəl günlər həyatımıza sevinc qatmaq üçündür. Onları özümüzə uyğun və bizi xoşbəxt edən formada qeyd etmək ən doğru seçimdir.
Günay Məmmədova
