Güzgü psixologiya, elm və hətta mistisizm baxımından maraqlı bir şeydir. Özünüzə güzgüdə tez-tez və uzun müddət baxsanız, təhlükəli nəticələrlə qarşılaşma riskiniz var. Və burada məsələ, ümumiyyətlə, sehr və "qorxu hekayələri" ilə əlaqəli deyil, Troksler effekti kimi tanınan elmi fenomenlə əlaqəlidir.
Güzgü qarşısında dayanarkən nələrə diqqət yetirirsiniz, nəyə fokuslanırsınız, nə düşünürsünüz? Bu çox maraqlı və özünüzü anlamaqda sizə kömək belə ola bilər. Ancaq özünüzə 10-15 dəqiqədən çox baxmaq qərarına gəlsəniz, bu, qorxulu hallüsinasiyalarla nəticələnə bilər.

Beynimiz rasional olaraq qurulduğu üçün hansısa bir obyektə 10-15 dəqiqədən çox baxdıqdan sonra həmin obyekt sıxıcı gəlməyə başlayır (biz, yaşamaqda maraqlı olan bir növ olaraq, ən çox təhlükəyə və ya bizi həyəcanlandıran bir şeyə diqqət yetiririk. Donmuş, darıxdırıcı, tanış görüntü beynimiz üçün maraqlı deyi). Buna “Troksler”(görmə sahəmizdən və diqqət mərkəzimizdən hərəkətsiz və əhəmiyyətsiz bir şey çıxdıqda, diqqətimizi əsas şeyə yönəltməyə mane olan) effekti deyirlər.
Bu effekt qoxu hissimizə də aitdir. Məsələn küçədən içəri girən şəxs otaqda kəskin xoşagəlməz qoxu hiss edir, lakin təxminən 30 dəqiqə o məkanda qaldıqdan sonra iy nə qədər iyrənc olsa da, ona alışır və onu, demək olar ki, hiss etmir.
Beləliklə, biz güzgüdəki əksimizə çox uzun müddət baxdıqda beyin bu görüntüyə öyrəşir, onu əhəmiyyətsiz hesab etməyə başlayır və nəticədə, xəyal gücünüz sizlə qəddar bir zarafat edir: qorxu və komplekslərinizlə birlikdə, mövcud nöqsanlarınızdan ilhamlanaraq üzünüzü tanınmayacaq dərəcədə əyir.
Mənbə: marieclaire
Tərcümə etdi: İbrahim Çobanlı
