Arxeologiya Hindistanın zəngin keçmişinin sirrini açan əsas vasitələrdən biridir. Zaman-zaman aparılan arxeoloji qazıntılar Hindistan yarımqitəsinin möhtəşəm tarixini üzə çıxararaq dünya ictimaiyyətinə təqdim edib. 21-ci əsrin ikinci onilliyində edilən mühüm arxeoloji kəşf isə təkcə Hindistanın deyil, bütün dünyanın diqqətini cəlb etdi.
2018-ci ildə Yeni Dehlidən təxminən 70 km aralıda, Yamuna çayının sahilində yerləşən Bagpat rayonunun Sinauli kəndində aparılan qazıntılar Hindistan tarixinin perspektivini tamamilə dəyişdi. Əslində, Sinauli 2004-2005-ci illərdə Hindistan Arxeoloji Tədqiqatı (ASI) tərəfindən qazılmışdı. Lakin 2018-ci ildə ASI-nin Əlavə Baş Direktoru Dr. Sanjay Kumar Manjul-un rəhbərliyi ilə aparılan qazıntılar zamanı əldə edilən tapıntılar Hindistanın yazılı tarixinə dair yeni baxış formalaşdırdı.
Bu arxeoloji sahədə karbon analizi əsasında təxminən 4000 il əvvələ aid olduğu müəyyən edilən 116 insan dəfni aşkar edilib. Bu dəfnlərlə birlikdə tapılan arxeoloji artefaktlar olduqca unikaldır. Sinaulidə əldə edilən ən mühüm tapıntı isə ağac və misdən hazırlanmış, atlarla idarə olunan döyüş arabasıdır. Bu, Hindistanda qazıntılar zamanı tapılmış ilk belə nümunədir. Qeyd etmək lazımdır ki, Hindistanın qədim mətnlərində döyüş arabalarına xüsusi istinad edilir. Qazıntılar zamanı ümumilikdə üç döyüş arabası aşkar edilib. Bu arabalar inkişaf etmiş texnologiya ilə hazırlanmış və qədim Hindistan bilik sisteminin simvolu hesab olunur. Döyüş arabaları insan qəbirləri ilə birlikdə basdırılmışdı ki, bu da onların həmin insanlara məxsus olduğunu göstərir. Bundan əlavə, Sinauli qəbirlərindən misdən hazırlanmış qılınclar da tapılıb. Arxeoloji terminologiyada bu qılınclar Mis Antena qılıncları adlanır.
2005-ci ildə aparılan ilkin qazıntılar zamanı Sinaulidə yaşayış yerinə dair heç bir dəlil tapılmamışdı. Lakin 2018-ci ildə burada dulusçuluq və misəritmə sobalarının qalıqları aşkar edildi. Bundan əlavə, ölçüsü təxminən 50x30 sm olan çox sayda bişmiş kərpic də tapıldı. Bu tapıntılar Sinaulidə dəfn edilən insanların burada əvvəllər daimi yaşadıqlarını və bu dəfnlərin təsadüfi deyil, planlı şəkildə aparıldığını göstərdi.
Mənbə: Times of India
Tərcümə: Nazrin Hümbət