Bu gün:

"Gəncləri narahat edən əsas məsələ rəqabət məsələsidir"


24media.az-ın "1 sual, 1 cavab" rubrikasının budəfəki qonağı sahibkar və karyera mütəxəssisi Orxan Mahmudovdur. O, süni intellektin karyera imkanlarına təsiri barədə danışıb.

-Sizcə, süni intellektin və avtomatlaşdırmanın karyera imkanlarına təsiri necə olacaq?

Ümumilikdə, süni intellekt və avtomatlaşdırma karyera imkanlarını xeyli dərəcədə artıracaq. Bəzən iddia edirlər ki, “gənclər və əmək bazarı üçün risklər mövcuddur,” lakin bu fikirlə tam razı deyiləm. Əksinə, bu texnologiyalar yeni imkanlar yaradır.

Məsələn, çoxları düşünür ki, qrafik dizayn sahəsini süni intellekt sıradan çıxaracaq. Bu, müəyyən mənada həqiqətə yaxın ola bilər. Ola bilsin ki, 10 ildən sonra qrafik dizayn sahəsi əvvəlki formada mövcud olmasın. Lakin bu boşluğu dolduracaq yeni sahələr, məsələn, “ön tərəf dizayn (front-end)” anlayışı yaranacaq. Bu dizaynerlər süni intellektə dizayn verən mütəxəssislər olacaq. Beləliklə, bir sahə digəri ilə əvəz olunur.

Qrafik dizayn bacarıqlarına malik olan bir şəxs, şübhəsiz ki, ön tərəf dizayn sahəsində də uğurlu ola bilər. Bununla yanaşı, hər kəs bu keçidi həyata keçirə bilməyəcək; bu sahədə müvəffəqiyyətli olmaq üçün müəyyən bacarıqlar və çeviklik tələb olunur.

Dünyada sürətlə çoxşaxəli yanaşma anlayışı formalaşır. Əvvəllər bir neçə bacarığa sahib olsaq da, bir sahəyə yönəlirdik. Lakin indi tam əksi baş verir – biz daha çox müxtəlif bacarıqlarımızı inkişaf etdirməyə çalışmalıyıq. Bununla yanaşı, öz fərdiliyimizi və xarakterimizi nəzərə almalıyıq ki, süni intellektlə müsbət mənada rəqabət apara bilək.

Bu baxımdan, struktur bacarıqların – yəni ümumi bilik və bacarıqların inkişaf etdirilməsi önəm qazanır. Eyni zamanda, praktiki təcrübə əldə etmək və düşüncə tərzimizi inkişaf etdirmək vacibdir. Gəncləri narahat edən əsas məsələ rəqabət məsələsidir. Lakin yeni imkanlara açıq olmaq və peşəkar iş həyatı üçün "yumşaq bacarıqlar (soft skills)" inkişaf etdirmək bu rəqabətdə üstünlük qazanmaq üçün vacibdir. Bu inkişaf isə yalnız praktika ilə mümkündür; nəzəri biliklər burada artıq kifayət qədər effektiv deyil. Əsas məsələ isə özümüzü daha yaxşı tanımaq və bacarıqlarımıza fokuslanmaqdır.

Günay Məmmədova

Paylaş
Şərh əlavə et