24media.az-ın "1 sual, 1 cavab" rubrikasının budəfəki müsahibi startapçı və SkyX -in baş texnologiya direktoru Ayxan Xasməmmədovdur. O, startap üçün uğurlu məhsulun şərtlərindən danışıb.
-Startaplar üçün uğurlu məhsul yaratmağın əsas şərtləri nələrdir?

Fikrimcə, startaplar yaranarkən startapçılar qarşılarına bir çox məqsədlər qoyurlar, onlardan biri ən əsası olur və bunu ən son çatılacaq məqsəd olaraq təyin edirlər. Təəssüf ki, bir çox startapda bu məqsədlərin əsası qazanc əsaslı qoyulur, məhsulun yaradılması və inkişafı isə 2-ci plana düşür. Uğurlu bir məhsul yaradaraq startapı böyütmək istəyən startapçılar daim olaraq məhsulu birinci planda saxlamalı, qazancı isə sadəcə idarə etməyi bilməlidir. Bütün bunların yanında isə ən önəmli olan bir nüans var ki, o da komandadır, komanda ruhudur. Atalarımız demişkən, "tək əldən səs çıxmaz". Hər bir uğurlu startapın, yaradılmış məhsulun arxasında güclü bir komanda olmalıdır. Hətta deyərdim ki, startapda ilk atılacaq addım düzgün strategiyaya əsasən güclü komanda formalaşdırmaqdır.
Aydan İbrahimli
