
Üç ildir davam edən Rusiya-Ukrayna müharibəsində qarşılıqlı hücumlar davam edir. Moskva qüvvələri bu gün paytaxt Kiyevi bombalayıb. Bir nəfərin öldüyü hücumda 630 yaşayış evinin, eləcə də bir çox tibb məntəqəsinin və məktəbin istilik təchizatı kəsilib. Fotoşəkillər hücumun miqyasını ortaya qoyub. Hücum zamanı Kinjal və İsgəndər raketlərindən istifadə olunub.
Hücum zamanı Portuqaliyanın Kiyevdəki səfirliyinə də ziyan dəyib.
Səlahiyyətlilər ballistik raket təhlükəsi ilə bağlı xəbərdarlıq edib.
Şəhərin hərbi idarəsinin başçısı Sergiy Popko Telegram vasitəsilə verdiyi açıqlamada Rusiya qüvvələrinin yerli vaxtla səhər saat 7:00 radələrində hücumda 8 ədəd Kinjal və İskəndər raketindən istifadə etdiyini bildirib.
Polis hücumlar zamanı 53 yaşlı kişinin öldüyünü, 11 nəfərin yaralandığını, əksəriyyətinin qəlpə yarası aldığını bildirib.
Kiyev meri Vitali Kliçko bildirib ki, "düşmən hücumu nəticəsində iki nəfər xəstəxanaya yerləşdirilib və dörd əraziyə düşən dağıntılar avtomobilləri və binaları yandırıb" .
Ərazidən çəkilən fotolarda Kiyevin mərkəzində pəncərələri sovrulmuş ofis blokunun dağılmış damı və yanğınsöndürənlər alovun söndürülməsi zamanı aşağıda küçədə ağır zədələnmiş avtomobil əks olunub. Ukrayna rəsmiləri həmçinin ölkənin cənubundakı liman şəhəri Xersonda bir nəfərin öldüyü və altı nəfərin yaralandığı raket hücumları, eləcə də Ukraynanın bəzi digər şəhər və qəsəbələrinə raket hücumları barədə məlumat veriblər. Rusiya prezidenti Vladimir Putin dünən keçirilən ilin yekunları ilə bağlı mətbuat konfransında Rusiyanın yeni hipersəs ballistik raketinin "Oreshnik"in hava hücumundan müdafiəsinə davamlı olması ilə bağlı iddiaları sınaqdan keçirmək üçün Kiyev üzərində ABŞ-a "yüksək texnologiyalı duel" təklif edib.
Mənbə: NTV
Tərcümə etdi: Səma İsmayılova
